Pharmed
VOLTAREN EMULGEL 10MG 50GR GEL (ISVECRE)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını qəbul/istifadə etməzdən əvvəl istifadə üzrə təlimatı (içlik vərəqəni) diqqətlə
oxumaq lazımdır, çünki burada Sizin üçün mühüm məlumatlar yerləşdirilib.
• Bu istifadə üzrə təlimatı (içlik vərəqəni) saxlamaq lazımdır. Onun təkrar oxunması Sizə tələb
oluna bilər.
• Suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət edin.
• Əlavə təsirlər meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu göstəriş, o
cümlədən bu içlik vərəqənin “Əlavə təsirlər” bölməsində təsvir olunmayan, istənilən əlavə
təsirlərə aiddir.
• Preparatın istifadəsindən 7 gün keçdikdən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha
da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
VOLTAREN EMULGEL 1 % xaricə istifadə üçün gel
VOLTAREN EMULGEL
Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac
Tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 11,6 mq diklofenak dietilamin vardır ki, bu da 10 mq
diklofenak natriuma müvafiqdir.
Köməkçi maddələr: dietilamin, karbomerlər (karbopol 974 P), makroqol setostearil efiri
(setomakroqol 1000), kokoil kaprilokaprat (setiol LC), izopropil spirti, maye
parafin (mineral yağ), aromatik krem 45 (tərkibində benzilbenzoat vardır),
propilenqlikol, təmizlənmiş su.
Təsviri
Yumşaq, bircinsli, ağ rəngdən sarımtıl rəngə qədər kreməbənzər geldir.
Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrıları zamanı xaricə istifadə olunan vasitələr. Xaricə istifadə üçün qeyri-steroid
iltihabəleyhinə vasitələr.
ATC kodu: М02АА15.
Farmakoloji xüsusiyyətləri
Voltaren Emulgel preparatının tərkibində olan təsiredici maddə – diklofenak – qeyri-steroid
iltihabəleyhinə preparatlar (QSİƏP) qrupuna daxildir.
Voltaren Emulgel ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Su-spirt bazası sayəsində gel
sakitləşdirici və soyuducu təsirə malikdir.
İstifadəsinə göstərişlər
Preparat ağrı, iltihab və şişkinlik müalicəsi üçün aşağıdakı vəziyyətlərdə istifadə oluna bilər:
• vətərlərin, bağların, əzələlərin və oynaqların zədələnməsi (məsələn, bağların yırtılması, əyilmələr,
qançırlar, idmandan sonra və ya qəzalar nəticəsində bel ağrısı);
• tendinit (tennis dirsəyi sindromu), bursit, çiyin-əl sindromu, periartropatiyalar kimi yumşaq
toxumaların revmatik xəstəliklərinin lokallaşdırılmış formaları.
• kiçik və orta dərəcəli, dəriyə yaxın oynaqların, məsələn, barmaqların və ya dizlərin oynaqlarının
artrozu.
Preparatı böyüklərə və 12 yaşdan yuxarı uşaqlara istifadə etmək olar. Preparatın istifadəsindən 7 gün
keçdikdən sonra vəziyyət yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər
Voltaren Emulgel 1% xaricə istifadə üçün geli aşağıdakı hallarda istifadə etməyin:
• Əgər Sizdə diklofenaka və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə (bu istifadə
üzrə təlimatın (içliyin) “Tərkib” bölməsində göstərilən) və ya ağrının, qızdırmanın və ya iltihabın
müalicəsi üçün istifadə olunan ibuprofen və ya asetilsalisil turşusu (qan laxtalanmasının qarşısını almaq
üçün istifadə olunan preparat) preparatlarına qarşı allergiya (hiperhəssaslıq) olduqda. Əgər əmin
deyilsiniz həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
• Göstərilən preparata qarşı allergik reaksiyanın simptomlarına aşağıdakılar aid ola bilər: fışıltılı tənəffüs
və ya təngnəfəslik (astma); dəri üzərində suluqlu və ya övrəli səpgilər; üz nahiyəsinin və ya dilin ödemi;
zökəm;
• hamiləlik dövrünün son 3 ayı (“Hamiləlik və laktasiya” bölməsinə bax).
Əgər yuxarıda göstərilən vəziyyətlərdən hər hansı biri Sizdə müşahidə olunursa, preparatı istifadə etmək
olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Voltaren Emulgel, xarici istifadə üçün gel 1% istifadə etməzdən əvvəl həkimlə və ya əczaçıyla
məsləhətləşin.
• Dəri üzərində kəsiklər, açıq yaralar, səpgilər və ya ekzemalar olduqda, preparatı istifadə etmək olmaz.
Preparatın istifadəsindən sonra dəri üzərində səpgilər meydana çıxdıqda, müalicəni dayandırmaq
lazımdır.
• Həkim tərəfindən təyin edilən hallar istisna olmaqla, preparatın dərinin geniş sahələrində istifadəsindən
və ya istifadəsi təsdiq olunan müddətdən daha uzun müddət ərzində istifadəsindən çəkinmək lazımdır.
• Preparat yalnız xaricə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Daxilə qəbul etmək olmaz. Preparatı
udmaq olmaz. İstifadə etdikdən sonra əlləri yumaq lazımdır, əgər onlar müalicə sahəsi deyilsə
(“İstifadə qaydası” bölməsinə bax). Preparatın gözlərə və selikli qişaya düşməsindən ehtiyat etmək
lazımdır. Belə vəziyyət baş verdikdə, gözləri təmiz su ilə yaxşıca yumaq lazımdır. Diskomfort hissi
saxlanıldığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
• Çıxıqlar kimi zədələnmələr zamanı adətən istifadə olunan bandajlardan və ya sarğılardan istifadə etmək
olar. Havakeçirməyən (plastik) sarğılardan istifadə etmək olmaz.
• Preparatın tərkibində propilenqlikol və benzilbenzoat vardır ki, bunlar da, bəzi pasiyentlərdə dəridə
preparatın istifadə nahiyəsində yüngül qıcıqlanmaya səbəb ola bilər.
Uşaqlar
12 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda istifadə edilən və ya bir müddət əvvəl istifadə edilən dərman preparatları barədə, o cümlədən
reseptsiz əldə olunan dərman preparatları barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə, planlaşdırılan və ya ehtimal edilən hamiləlik zamanı və laktasiya dövründə, preparatı
istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
• Uşağa zərər yetirə bilməsini və ya doğuş zamanı ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə
alaraq, hamiləlik dövründə, xüsusilə hamiləliyin son 3 ayı müddətində preparatı istifadə etmək olmaz.
• Laktasiya dövründə preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Voltaren Emulgel preparatı avtomobil idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir
göstərmir.
İstifadə qaydası və dozası
Preparatı hər zaman həkim və ya əczaçının təyinatına uyğun istifadə etmək lazımdır. Suallar yarandıqda,
həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Tövsiyə edilən doza
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Ağrı nahiyəsinin ölçüsündən asılı olaraq, dərinin zədələnmiş nahiyəsinə preparatın 2-4 q (preparatın bu
miqdarı həcminə görə albalı və ya yunan qozu ölçüsünə müvafiqdir və bədən səthinin 400-800 sm2 sahəsi
üzərində istifadə üçün yetərlidir), gündə 3-4 dəfə asta-asta dəriyə hopdurmaq lazımdır.
12 yaşdan kiçik uşaqlarda istifadəsi
12 yaşdan kiçik uşaqlar dərman vasitəsini istifadə etməməlidirlər.
İstifadə qaydası
1. Preparatın ilk istifadəsindən əvvəl tubun üzərindən qoruyucu membranı çıxarmaq üçün qapağı burmaq
və açmaq lazımdır. Qapağın əks tərəfindən istifadə edərək, tubun üzərindəki qoruyucu membranı dəlmək,
burmaq və çıxarmaq lazımdır.
2. Səliqə ilə sıxaraq, tubdan bir qədər geli ağrılı və ya ödemli nahiyənin üzərinə çəkmək və tədricən dəriyə
yeritmək lazımdır. İstifadə olunan gelin miqdarı ağrılı və ya ödemli nahiyənin ölçüsündən asılı ola bilər.
Bir qayda olaraq, albalı və ya qoz meyvəsi ölçüsünə müvafiq gelin miqdarı yetərli olur. Geli dəri üzərinə
çəkdikdə yüngül sərinləşdirici effekt hiss oluna bilər.
3. Preparatı yeritdikdən sonra əllər müalicə nahiyəsi olmadığı halda, onları quru kağız dəsmalla silmək və
sonra yumaq lazımdır.
4. Duş və ya vanna qəbul etməzdən əvvəl dərmanın dəridə qurumasını gözləmək lazımdır.
İstifadə müddəti
Preparatı 14 gündən artıq istifadə etmək olmaz.
Daha uzunmüddətli istifadə yalnız həkim tərəfindən təyin oluna bilər.
Preparatın istifadəsindən 7 gün keçdikdən sonra yaxşılaşma müşahidə olunmadıqda və ya simptomlar
ağırlaşdıqda, həkimlə məsləhətləşmək lazımdır.
Preparatın istifadəsinin ötürüldükdə
Preparatın vaxtında düzgün istifadəsi ötürüldükdə, onu mümkün qədər tez istifadə etmək və daha sonra,
istifadəsini sxem üzrə davam etdirmək lazımdır. Ötürülmüş dozanı kompensasiya etmək üçün, preparatın
ikiqat dozasından istifadə etmək olmaz.
Göstərilən preparatın istifadəsi barədə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək
lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da arzuolunmayan halların meydana çıxmasına səbəb ola bilər,
lakin bu hallar hər pasiyentdə müşahidə olunmur.
Bəzi əlavə təsirlər nadir hallarda və ya çox nadir hallarda meydana çıxırlar və ciddi ola bilərlər.
Aşağıda göstərilən, allergik reaksiya əlamətləri ola bilən istənilən simptomlar meydana çıxdıqda,
preparatın istifadəsini DAYANDIRMAQ və dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır:
• dəri üzərində suluqlarla müşayiət olunan səpgilər; övrə (10000 pasiyentdən 1-dən 10-a qədər müşahidə
oluna bilər);
• fışıltılı tənəffüs, tənəffüsün çətinləşməsi və ya sinədə sıxılma hissi (astma) (10000 pasiyentdən 1
nəfərdən azında müşahidə oluna bilər);
• üz nahiyəsinin, dodaqların, ağızın və ya boğazın ödemi (10000 pasiyentdən 1 nəfərdən azında
müşahidə oluna bilər).
Meydana çıxa bilən digər əlavə reaksiyalar, bir qayda olaraq, müvəqqətidirlər və ağır dərəcəli deyillər
(lakin, narahatlıq olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır).
Tez-tez müşahidə olunan əlavə reaksiyalar (100 pasiyentdən 1-dən 10-a qədər müşahidə oluna bilər)
• dəri üzərində səpgilər, qaşınma, dəridə qızartı və ya ağrı hissi.
Çox nadir hallarda müşahidə olunan əlavə reaksiyalar (10000 pasiyentdən 1 nəfərdən azında müşahidə
oluna bilər):
• dəri günəşə qarşı daha həssas ola bilər. Günəşin təsiri nəticəsində yaranan yanığın mümkün
əlamətlərinə qaşınma, ödem və suluqların meydana çıxması aid ola bilər.
Əlavə təsirlər barədə məlumatlar
Əgər Sizdə hər hansı əlavə təsirlər yaranırsa həkim və ya əczaçı ilə məsləhətləşin. Bu, o cümlədən
preparatın tibbi istifadəsi üzrə təlimatda qeyd olunmayan, əlavə təsirlərə aiddir.
Siz həmçinin dərman vasitələrinin əlavə təsirləri haqqında məlumat bazasına, o cümlədən dərman
vasitələrinin effektiv olmadığı haqqında məlumat verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə
siz dərman vasitəsinin təhlükəsizliyi haqqında daha çox məlumat əldə etməyə kömək edirsiniz.
Doza həddinin aşılması
• Geli tələb olunduğundan artıq dozada istifadə etdikdə, gelin artıq miqdarını salfet ilə silmək lazımdır.
• Əgər Siz və ya uşağınız geli təsadüfən daxilə qəbul etdikdə, təcili həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
20 q, 50 q və ya 100 q gel, qoruyucu membranlı, burulan qapaqlı (ağ və ya mavi rəngli) laminat tubda.
Qapağı xarici hissəsi tubun qoruyucu membranını açmaq üçün açarla (dərin çıxıqla) təchiz edilib. 1 tub
istifadə üzrə təlimat (içlik vərəqə) ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Dərman vasitəsini uşaqların əli çatmayan və görmədiyi yerdə saxlamaq lazımdır.
30°C-dən aşağı temperaturda saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Dərman vasitəsinin flakonun üzərində və ya kartonda “Годен до” sözlərindən sonra göstərilən yararlılıq
müddəti keçdikdən sonra istifadə etməyin. İstifadə müddəti ayın son günü hesab edilir.
Dərmanları kanalizasiyaya atmayın (tökməyin). Artıq ehtiyacınız olmayan dərmanları necə atacağınızı
əczaçınızdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edəcək.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı
GSK Consumer Healthcare SARL, İsveçrə / GSK Consumer Healthcare SARL, Switzerland.
Ünvan
Route de l᾽Etraz, 1260 Nyon, Switzerland.
Preparatın istifadəsi zamanı arzuolunmayan hallar meydana çıxdıqda, aşağıda göstərilən elektron
ünvanlara müraciət etmək lazımdır: oax70065@gsk.com (Azərbaycan, Gürcüstan, Özbəkistan,
Tacikistan, Türkmənistan və Monqolustan üçün) və EAEU.PV4customers@gsk.com (Ermənistan,
Belarus, Qırğızıstan üçün). Preparatın keyfiyyəti barədə şikayətlər aşağıda göstərilən elektron ünvan
vasitəsi ilə qəbul edilir: UA-CIS.LOC-PQC@gsk.com.
Ticarət nişanları GSK şirkətlər qrupuna məxsusdur və ya onlar tərəfindən istifadə olunurlar.
©2021 GSK şirkətlər qrupu və ya onların lisenziarı.