pharmed
VITAMIN E 30% 20 ML YAG
ALFA-TOKOFEROL ASETAT (vitamin E) daxilə qəbul üçün yağlı məhlul ALPHA-TOCOPHEROL ACETATE
Tərkibi
Təsiredici maddə: 1 ml preparatın tərkibində 50 mq və ya 100 mq və ya 300 mq vitamin E-asetat, (100% maddəyə nəzərən) vardır.
Köməkçi maddələr: günəbaxan yağı.
Təsviri
Açıq-sarı rəngdən tünd-sarı rəngə qədər şəffaf, acılı qoxuya malik olmayan yağlı mayedir. Yaşılımtıl çalara yol verilir.
Farmakoterapevtik qrupu
Vitaminlərin digər sadə preparatları. Tokoferol (vitamin E).
ATC kodu: A11HA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Vitamin E orqanizmin müxtəlif endogen maddələrini oksidləşmədən qoruyan antioksidant vasitədir. Lipidlərin müxtəlif xəstəliklər zamanı aktivləşən peroksid oksidləşməsini tormozlayır. Toxuma tənəffüsü proseslərində, hem-in və zülalların sintezində, yağ və karbohidrat mübadiləsində, hüceyrələrin proliferasiyasında iştirak edir. E vitamininin çatışmazlığı zamanı əzələlərdə degenerativ dəyişikliklər inkişaf edir, kapilyarların keçiriciliyi və kövrəkliyi yüksəlir, toxum kanallarının və yumurtalıqların epitelisinin pozğunluğu baş verir, sinir toxumasında və hepatositlərdə degenerativ proseslər qeyd edilir. E vitamininin çatışmazlığı yenidoğulmuşlarda hemolitik sarılığa, malabsorbsiya sindromuna, steatoreyaya səbəb ola bilər.
Farmakokinetikası
Preparat bağırsaqda yağ və öd turşularının iştirakı ilə sorulur, sorulma mexanizmi – passiv diffuziya. Qanın beta- lipoproteidləri ilə nəql edilir, maksimal miqdarı qəbul edildikdən sonra 4 saat müddətində yaranır. Nəcislə xaric olur, sidiklə konyuqatları və tokoferon turşusu xaric olur.
İstifadəsinə göstərişlər
Kompleks müalicənin tərkibində:
• müxtəlif xarakterli və mənşəli əzələ distrofiyalarının,
• oynaq və vətər-əzələ kontrakturlarının (Dyupyuitren kontrakturası),
• onurğa beyni zədələnmələrinin (yan amiotrofik skleroz),
• birləşdirici toxumanın sistem xəstəliklərinin (revmatoid artrit, dermatomiozit, revmatizm və fibrozit),
• kişi cinsiyyət vəzilərinin funksiyalarının və menstrual siklin pozğunluqlarının, hamiləliyin kəsilməsi təhlükəsinin müalicəsi,
• periferik damarların zədələnmələrində, damarların aterosklerozunda, miokardiodistrofiyada, hipertoniya xəstəliyində,
• dərinin allergik və xora xəstəliklərində, psoriazda,
• qalxanabənzər vəzinin endokrin xəstəliklərində, şəkərli diabet,
• parodontoz,
• antioksidant müalicə tələb edən patologiyalarda,
• yenidoğulmuşlarda hemolitik sarılıq, kapilyarların keçiriciliyinin artması, hipotrofiya.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, ağır kardioskleroz, miokard infarktı, E vitamininin hipervitaminozu, tireotoksikoz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ateroskleroz zamanı, tromboemboliyanın inkişaf riskinin yüksəlməsi zamanı ehtiyatla təyin etmək lazımdır. Preparatdan istifadə zamanı doza həddi aşılmasının və E hipervitaminozunun qarşısını almaq üçün həkimin təyin etdiyi doza rejiminə və müalicə kursunun müddətinə əməl etmək lazımdır.
Preparatın yüksək dozalarının uzun müddət istifadəsi zamanı qanın laxtalanma vaxtına nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
E vitaminini dəmir, gümüş preparatları ilə, qələvilərlə reaksiyaya girən vasitələrlə, dolayı təsirli antikoaqulyantlarla birlikdə daxilə istifadə etmək olmaz.
E vitamini retinolun sorulmasını və mənimsənilməsini asanlaşdırır, A avitaminozunun inkişafının qarşısını alır.
E vitamini və onun metabolitləri K vitamininə münasibətdə antaqonist təsir göstərirlər. E vitamini steroid və qeyri-steroid iltihabəleyhinə preparatların (natrium diklofenak, ibuprofen, prednizolon və b.k.) təsirini gücləndirir; ürək qlikozidlərinin (diqitoksin, diqoksin və b.k.), vitamin A və D-nin toksiki təsirlərini zəiflədir.
E vitamini qanında lipidlərin peroksid oksidləşmə məhsullarının konsentrasiyası yüksək olan epilepsiyalı xəstələrdə qıcolmaəleyhinə vasitələrin effektivliyini yüksəldə bilər.
Xolestiramin, kolestipol, mineral yağlar E vitamininin sorulmasını aşağı salır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı həkimin təyinatına əsasən istifadə etmək lazımdır.
Uşaqlarda istifadəsi
Preparat uşaqlarda doğulduqları andan etibarən, lakin yalnız həkimin təyinatına əsasən və onun
nəzarəti altında istifadə edilə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Başgicəllənmə, görmənin dumanlanması baş verərsə, avtonəqliyyatı idarə etməkdən və digər mexanizmlərlə işləməkdən imtina etmək lazımdır.
İstifadə qaydası və dozası
Alfa-Tokoferol asetat (vitamin E) daxilə təyin edilir.
1 ml məhlulun tərkibində müvafiq olaraq 50 mq və ya 100 mq və ya 300 mq E vitamini vardır (1 ml məhlulda göz pipetinin 25 damcısı vardır).
Uşaqlar
Preparatın yeni doğulmuş uşaqlarda istifadəsi yalnız həkim nəzarəti altında mümkündür.
Əlavə təsirləri
Allergik reaksiyalar (o cümlədən qaşınma, dərinin hiperemiyası). E vitamininin yüksək dozalarda uzunmüddətli qəbulu zamanı qanın laxtalanmasının azalması, mədə-bağırsaq traktından qanaxma, qaraciyərin böyüməsi, kreatinuriya, yorğunluq hissinin meydana çıxması, zəiflik, başağrısı, ürəkbulanma, başgicəllənmə, görmənin dumanlanması mümkündür.
Doza həddinin aşılması
Tövsiyə olunan dozaların qəbulu zamanı arzuolunmaz reaksiyalar baş vermir. Preparatın yüksək dozalarının (uzun müddət ərzində gündə 400 mq-dan artıq) qəbulu zamanı görmə pozuntuları, abdominal spazm, dispeptik pozğunluqlar, yorğunluq hissi, ümumi zəiflik, başgicəllənmə, başağrısı; kreatinuriya, kreatinkinazanın aktivliyinin yüksəlməsi, qan zərdabında xolesterinin, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, tiroksinin və triyodtironinin konsentrasiyasının azalması, sidikdə estrogenlərin və androgenlərin miqdarının artması mümkündür. Xüsusi antidotu yoxdur. Müalicəsi simptomatikdir.
K vitamini çatışmazlığı olan pasiyentlərdə qanaxma riski arta bilər. Həssas pasiyentlərdə tromboflebit və tromboemboliyanın riskinin artması mümkündür.
Buraxılış forması
20 ml məhlul, ağzı damcı-tıxac və qapaqla bağlanmış şüşə flakonda. 1 flakon, içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
ÖSC “Texnoloq”, Ukrayna, 20300, Uman ş., Çerkassk vil., Staraya proreznaya küç., 8.