Pharmed
FARINGOSEPT 10MG N20 TB
FARİNQOSEPT 10 mq sıxılmış sorma tabletlər
Beynəlxalq patentləşdirilməmiş adı: Ambazone monohydrate
FARİNQOSEPT tərkibi
Təsiredici maddə:
1 tabletin tərkibində 10 mq ambazon monohidrat vardır. Köməkçi maddələr:şəkər, laktoza monohidrat, kakao, povidon K 30, stearin turşusu, vanilin.
Farmakoterapevtik qrupu: Orofaringeal nahiyədə istifadə üçün dərman vasitələri. Antiseptiklər.
ATC kodu: R02AA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Ambazon xüsusilə streptokoklara və pnevmokoklara, ağız boşluğunun və yuxarı tənəffüs yollarının infeksiyalarının inkişafında xüsusilə əhəmiyyətli olan patogen mikroorqanizmlərə qarşı təsirli olan aktiv antiseptikdir. Ambazon orta dərəcədə stafilokokk əleyhinə təsirə malikdir. Bu dərman vasitəsi həzm sistemində disbakterioza səbəb olmur.
Farmakokinetikası: Farinqosept 10 mq-lıq sorma tabletlərinin farmakokinetikası haqqında məlumat yoxdur.
Klinikayaqədərki təhlükəsizlik məlumatları: Birdəfəlik doza qəbulu zamanı toksikliyə dair qeyri-klinik tədqiqatlar göstərmişdir ki, ambazonun birdəfəlik peroral yolla qəbulundan sonra DL50 1000 mq/kq təşkil etmişdir. Qeyri-klinik tədqiqatlar ambazonun sitotoksik, mutagen və klastogen potensialının olmadığını göstərmişdir.
FARİNQOSEPT istifadəsinə göstərişlər
Ağız boşluğunun və udlağın kəskin infeksion xəstəliklərinin (faringit, gingivit, angina), tonzilektomiyadan sonra böyüklərdə, yeniyetmələrdə və 14 yaşdan böyük uşaqlarda yanaşı müalicə üçün.
FARİNQOSEPT əks göstərişlər
Ambazon və hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təhlükəsizlik haqqında məlumat kifayət qədər olmadığından, Farinqosept 10 mq-lıq sorma tabletlərinin 14 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur. Fruktozaya qarşı irsi dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiya sindromu, saxaraza-izomaltaza çatışmazlığı olan pasiyentlər Farinqosept 10 mq-lıq sorma tabletlərinin tərkibində şəkər olduğu üçün istifadə etməməlidirlər. Farinqosept 10 mq-lıq sorma tabletlərinin tərkibində laktoza olduğu üçün, qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər. Tərkibində şəkər olduğu üçün şəkərli diabet xəstələrinin bu dərman vasitəsini istifadə etməməsi tövsiyə olunur. Şəkərin enerji dəyəri laktoza ilə eynidir: 3,94 kkal/qram (16,5 KJ/qram). Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Farinqosept 10 mq-lıq sorma tabletlərinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri bildirilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ana südü ilə qidalandırma zamanı ambazonun istifadəsi ilə bağlı nəzarət edilən klinik tədqiqatlar mövcud deyil. Bununla belə, hamiləlik dövründə ambazonun istifadə olunduğu pasiyentlərdə heç bir arzuolunmaz reaksiya və ya dölə zərərli təsirlər bildirilməmişdir. Farinqosept 10 mq-lıq sorma tabletləri hamiləlik dövründə yalnız terapevtik fayda döl üçün potensial riskdən daha yüksək olduqda təyin edilir. Laktasiya dövrü Ambazonun ana südü ilə xaric olub-olmaması məlum olmadığından, ana südü ilə qidalanma zamanı istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək mümkün deyil. Ana südü ilə qidalanmanın dayandırılması və ya Farinqosept 10 mq-lıq sorma tabletləri ilə müalicənin dayandırılması barədə qərar, laktasiyanın və ana üçün müalicənin faydasını nəzərə almaqla qəbul edilməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Farinqosept 10 mq sorma tabletləri nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
FARİNQOSEPT istifadə qaydası və dozası
Böyüklər Farinqosept 10 mq-lıq sorma tabletlərin tövsiyə olunan dozası 3-4 gün müddətində gündə 3-5 tabletdir ( 30-50 mq ambazon). Uşaqlar və yeniyetmələr 14-18 yaşlı yeniyetmələr tövsiyə olunan doza 3-4 gün müddətində gündə 3 dəfə 1 ədəd Farinqosept 10 mq-lıq sorma tabletidir (30 mq). Dozanın artırılması terapevtik effekti artırmır. Qəbul qaydası Farinqosept sorma tabletləri udulmamalıdır, yalnız ağız boşluğunda yavaş-yavaş tam sorulana qədər saxlanmalıdır. Farinqosept 10 mq-lıq sorma tabletləri yeməkdən sonra ( 15-30 dəq) qəbul olunur; qida, su və preparatın qəbulu arasında 2-3 saat interval saxlanmalıdır.
FARİNQOSEPT əlavə təsirləri
İmmun sistemi pozğunluqları Postmarketinq təcrübəsindən angioödem, övrə, qaşınma, üz nahiyəsinin qızarması və yayılmış səpgilər daxil olmaqla yüksək həssaslıq reaksiyaları bildirilmişdir. Mədə-bağırsaq pozğunluqları Postmarketinq təcrübəsində ambazon qəbul edən bir pasiyentdə tüpürcəyin rənglənməsi halı bildirilmişdir.
Şübhəli əlavə təsirlər haqqında məlumat
Dərman preparatının qeydiyyatından sonra şübhəli əlavə təsirlər haqqında məlumat mühümdür. Pasiyentdə dərman vasitəsinə ciddi əlavə təsirin aşkar olunması və ya bu bölmədə təsvir olunmamış yeni əlavə təsirin yaranması zaman Milli Farmakoloji Nəzarət sistemi ilə müvafiq olaraq xəbər verməyinizi xahiş edirik.
Doza həddinin aşılması
Faringosept 10 mq-lıq sorma tabletlərinin doza həddinin aşılması halı bildirilməmişdir. Çox yüksək dozada Faringosept 10 mq-lıq sorma tabletləri qəbul edildikdə, qusma və (və ya) mədə yuyulması tövsiyə olunur. Ambazon üçün heç bir antidot yoxdur.
Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.