PharmEd

Pharmed

DOLEX 25MG N10 TB

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”____________ 2021-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 


Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, 
çünki burada Sizin üçün mühüm məlumatlar vardır. 
• Bu içlik vərəqəsini atmayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. 
• Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. 
• Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. 
• Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu 
dərmandan istifadə etdiyiniz barədə məlumat verin. 
• Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Dərmanın Sizin üçün tövsiyə olunan 
dozasından yüksək və ya aşağı doza istifadə etməyin. 


DOLEKS 25 mq örtüklü tabletlər
DOLEX


Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen


Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 36,9 mq deksketoprofen trometamol (25 mq 
 deksketoprofenə ekvivalent) vardır.
Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 101, natrum nişastaqli-
 kolyatı Tip A, qliseril distearat, ağ opadri II Ağ 85F18422: polivinil spirti, 
 titan dioksid, polietilenqlikol, talk.


Təsviri
Girdə, bir tərəfində bölmə xətti olan, ağ və ya ağımtıl örtüklü tabletlərdir.


Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). 


ATC kodu: M01AE17.


İstifadəsinə göstərişlər
DOLEKS – QSİƏP qrupundan olan ağrıkəsici vasitədir. 
Osteoartrit (oynaqlarda zədələnmə və kalsifikasiya), revmatoid artrit (oynaqların iltihabi 
xəstəliyi) və ankilozlaşdırıcı spondilit (daha çox onurğa oynaqlarında rigidliklə müşayiət 
olunan ağrılı inkişaf edən revmatizm) əlamətlərinin və simptomlarının müalicəsi ilə kəskin 
podaqra artriti (podaqra xəstəliyinə görə oynaqların ağrılı iltihabı), skelet-əzələ sisteminin 
kəskin ağrılarının (məsələn, bel ağrısı), postoperativ ağrının (əməliyyatdan sonrakı ağrının) və 
dismenoreyanın (ağrılı aybaşı dövrlərinin) və diş ağrısının müalicəsi üçün istifadə olunur. 

 


Əks göstərişlər
Əgər, 
• Deksketoprofen trometamola və ya DOLEKS-in köməkçi maddələrindən hər hansı birinə • qarşı allergiyanız varsa (yüksək həssaslıq);
• asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiyanız varsa;
• əgər astmanız varsa, ya da keçmişdə aspirin və ya digər QSİƏP-dən istifadə etdikdən sonra 
astma tutması, kəskin allergik rinit (allergiya nəticəsində burunda qısa müddətli iltihab), 
burunda poliplər (burun boşluğunda allergiya nəticəsində yaranan kütlələr), övrə (dəridə 
səpgi), allergiya nəticəsində üz və boğazın şişməsi (üzün, gözlərin, dodaqların və ya dilin 
şişməsi, nəfəs almaqda çətinlik) və ya sinədə xırıltı baş vermişdirsə;
• ketoprofen (QSİƏP) və ya fibratdan (qanda aterogen lipoproteinləri azaltmaq üçün istifadə 
olunan dərman) istifadə zamanı fotoallergik və ya fototoksik reaksiyalardan (günəşə məruz 
qalan dərinin qızarması və/və ya suluqlanması kimi əlamətlər) şikayətlənirsinizsə;
• mədə xorası (mədə-bağırsaq yarası), mədə və ya bağırsaq qanaxması və ya davam edən 
həzm problemləri (məsələn, mədə pozğunluğu, sinədə yanma hissi) varsa və ya əvvəllər 
mədə və ya bağırsaq qanaxması, xoralar (mədə-bağırsaq yaraları) və ya perforasiya 
olmuşdursa;
• həzm sisteminizdə davamlı problemləriniz varsa (məsələn, mədə pozğunluğu, qıcqırma);
• əvvəllər QSİƏP-dən ağrıkəsici kimi istifadə zamanı mədə və ya bağırsaq qanaması və ya 
perforasiya keçirmisinizsə;
• davamlı iltihabi bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit);
• ağır ürək çatışmazlığı, orta və ya ağır böyrək və ya ağır qaraciyər probleminiz varsa;
• qanaxma pozğunluğunuz və ya qanınızın laxtalanma pozğunluğu varsa;
• qusma, ishal və ya qeyri-kafi maye qəbulu (bədəndə çox miqdarda maye itkisi) nəticəsində
ağır dehidratasiyanız (orqanizmin susuzlaşması) varsa;
• hamiləliyin üçüncü trimestrindəsiniz və ya südəmər uşağınız varsa;
• koronar arteriya əməliyyatı keçirmisinizsə (koronar arteriyanın şuntlanması), preparatı 
əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsində istifadə 
etməyin.

 


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər, 
• allergiyaya meyllisinizsə və ya keçmişdə allergik problemləriniz olmuşdursa;
• böyrək, qaraciyər və ya ürək problemləriniz varsa (yüksək qan təzyiqi və/və ya ürək 
çatışmazlığı), o cümlədən orqanizminizdə mayenin ləngiməsi varsa və ya əvvəllər bu 
problemləriniz olmuşdursa;
• diuretik (sidikqovucu) dərman qəbul edirsinizsə və ya həddindən artıq maye itkisi (məsələn, 
həddindən artıq sidiyəgetmə, ishal və ya qusma) nəticəsində maye çatışmazlığı və qan 
həcminin azalması problemləriniz varsa;
• ürək probleminiz varsa, əvvəllər insult keçirmisinizsə və ya risk altında olduğunuzu 
düşünürsünüzsə (məsələn, yüksək təzyiqiniz, şəkərli diabetiniz varsa və ya qanınızda 
xolesterininin səviyyəsi yüksəkdirsə və ya siqaret çəkirsinizsə) müalicəniz barədə 
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
• DOLEKS kimi dərmanlar infarkt (miokard infarktı) və ya insult riskinin bir qədər artmasına 
səbəb ola bilər. Yüksək dozada və uzunmüddətli müalicə zamanı risk ehtimalı daha 
yüksəkdir. Tövsiyə olunan dozanı və ya müalicə müddətini aşmayın.
• yaşlısınızsa: əlavə təsirlərə məruz qalma ehtimalınız daha yüksəkdir (bax: “Əlavə təsirləri”). 
Bunlardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə məsləhətləşin;
• reproduktiv problemləriniz olan bir qadınsınızsa (DOLEKS reproduktiv funksiyaya mənfi 
təsir göstərə bilər), hamilə qalmaq planınız varsa və ya sonsuzluq testi keçirmək istəsəniz bu 
dərmanı istifadə etməyin;
• hamiləliyinizin birinci və ya ikinci trimestrindəsinizsə;
• qan və ya qan hüceyrələrinin formalaşmasında pozğunluq varsa;
• sistem qırmızı qurdeşənəyi (dəridə yayılmış pullanma ilə xarakterizə olunan xəstəlik) və ya 
birləşdirici toxumanızınn qarışıq xəstəliyi varsa (immun sistemin birləşdirici toxumaya təsir 
edə biləcək pozğunluqları);
• əvvəllər Sizdə bağırsağın iltihab xəstəliyi olmuşdursa (xoralı kolit, Kron xəstəliyi);
• başqa bir mədə və bağırsaq xəstəliyiniz varsa və ya əvvəllər olmuşdursa;
• müstəsna hallarda QSİƏP-lər infeksiyanı gücləndirə biləcəyindən, əgər Sizdə suçiçəyi varsa;

• QSİƏP-lər qanaxma, mədə-bağırsaq yarası və ya perforasiyası kimi ölümcül ola biləcək 
ciddi mədə-bağırsaq əlavə təsirlərinə səbəb olur. Bu əlavə təsirlər xəbərdaredici əlamətlərlə
və ya heç bir xəbərdaredici əlamətlər olmadan istənilən vaxt baş verə bilər. Yaşlı xəstələrdə 
mədə-bağırsaq sisteminə ciddi əlavə təsir riski daha yüksəkdir;
• mədə xorası və ya qanaxma riskini artıran dərman qəbul edirsinizsə, məsələn, peroral 
steroidlər, bəzi antidepressantlar (məsələn, selektiv serotoninin əks udulmasının
inhibitorları); qanın laxtalanmasının qarşısını alan maddələr və antikoaqulyantlar (məsələn,
asetilsalisil turşusuna və ya varfarin). Belə hallarda DOLEKS qəbul etməzdən əvvəl 
həkiminizlə məsləhətləşin. Əlavə mədəqoruyucu (məsələn, qastroprotektor mizoprostol) və 
ya mədənin turşuluğunu neytrallaşdıran antasid dərmanları qəbul edə bilərsiniz;
• əgər Sizdə yüksək allergiya riski, xroniki rinit, astma, xroniki sinusit və ya burun polipi 
şikayətləri varsa, əhalinin qalan hissəsinə nisbətən asetilsalisil turşusu və/və ya QSİƏP-ə 
qarşı allergiya riskiniz daha yüksəkdir. Bu dərmanın istifadəsi, xüsusilə asetilsalisil 
turşusuna və ya QSİƏP-ə allergiyası olan xəstələrdə astma tutmalarına və ya bronxospazma 
(tənəffüs yollarının daralmasına) səbəb ola bilər.
Bu xəbərdarlıqlar keçmişdə hər hansı dönəmdə olsa belə, Sizin üçün keçərlidirsə, həkiminizlə 
məsləhətləşin.
DOLEKS-in tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar
DOLEKS-in hər tabletinin tərkibində 1 mmol (23 mq)-dan az natrium vardır, yəni demək olar 
ki, onun tərkibində "natrium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
DOLEKS-lə yanaşı aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, mütləq 
həkiminizə, diş həkiminizə və ya əczaçıya bu barədə məlumat verməlisiniz. Bəzi dərmanlar 
birlikdə istifadə oluna bilməz və ya dozalarına düzəliş edilməsi tələb oluna bilər.
Tövsiyə edilməyən kombinasiyalar:
• Asetilsalisil turşusu (aspirin), kortikosteroidlər (kortizon) və ya digər iltihabəleyhinə 
dərmanlar;
• Varfarin, heparin və ya qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan digər 
dərmanlar;
• Bəzi əhval pozğunluqlarının müalicəsində istifadə olunan litium preparatları;
• Revmatoid artritin (oynaqlarda ağrı və deformasiyaya səbəb olan davamlı xəstəlik) və 
xərçəngin müalicəsində istifadə olunan metotreksat;
• Epilepsiyanın müalicəsi üçün istifadə olunan hidantoin törəmələri və fenitoin;
• Bakterial infeksiyalar (iltihab törədən bakterial xəstəliklər) zamanı istifadə olunan 
sulfometoksazol.
Ehtiyat tədbirləri tələb edən kombinasiyalar:
• Qan təzyiqinin yüksəlməsi zamanı və ürək problemlərində istifadə olunan ACF inhibitorları, 
diuretiklər, beta-blokatorlar və angiotenzin II reseptorların blokatorları;
• Davamlı venoz xoraların (venoz yaralar) müalicəsində istifadə olunan pentoksifillin və 
okspentifilin;
• Virus infeksiyalarını müalicə etmək üçün istifadə olunan zidovudin;
• Bakterial infeksiyaların müalicəsində istifadə olunan aminoqlikozid antibiotikləri 
(gentamisin, amikasin və s.);
• Diabet zamanı istifadə olunan xlorpropamid və qlibenklamid.
Ehtiyatlılıq tələb edən kombinasiyalar:
• Bakterial infeksiyaların müalicəsi üçün istifadə edilən xinolon antibiotikləri (məsələn, 
siprofloksasin, levofloksasin);
• İmmun sistemin xəstəliklərinin müalicəsində və orqan köçürülməsi (transplantasiyası) 
zamanı istifadə olunan siklosporin və ya takrolimus;
• Streptokinaza və digər trombolitik və ya fibrinolitik dərmanlar, məsələn, qan laxtalarını 
(trombları) həll etmək üçün istifadə olunan dərmanlar;
• Podaqranın müalicəsində istifadə olunan probenesid;
• Davamlı ürək çatışmazlığını müalicə etmək üçün istifadə olunan diqoksin;
• Hamiləliyi kəsmək üçün istifadə olunan mifepriston;
• Selektiv serotoninin əks udulmasının inhibitorları kimi antidepressantlar;

• Trombositlərin aqreqasiyasını və qan laxtalarının əmələ gəlməsini azaltmaq üçün istifadə 
olunan antitrombositar maddələr.
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı 
digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən 
bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Hamiləliyinizin üçüncü trimestrində DOLEKS istifadə etməyin. Aşkar zərurət olmazsa, 
hamiləliyin birinci və ya ikinci trimestrində DOLEKS istifadə etməmək ən yaxşı seçimdir. 
Hamiləsinizsə, bunu həkiminizə söyləyin. Əgər hamilə qalmağı planlaşdırırsınızsa, DOLEKS-
dən istifadə Sizin üçün doğru seçim olmaya bilər.
Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə 
məsləhətləşin.
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Laktasiya dövründə DOLEKS istifadə edilməməlidir. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
DOLEKS, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə 
qabiliyyətinə az da olsa təsir göstərə bilər, çünki müalicə zamanı başgicəllənmə və ya 
yuxululuq kimi əlavə təsirlər meydana çıxa bilər. Bu əlavə təsirlər meydana çıxarsa, 
simptomlar yox olana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri 
idarə etməyin. Məsləhət üçün həkiminizə müraciət edin. 
İstifadə qaydası və dozası
Həmişə DOLEKS-i həkiminizin dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizə və ya 
əczaçıya müraciət edin. Tabletləri kifayət qədər su ilə qəbul edin. Ağrınız güclüdürsə və 
ağrını daha sürətlə aradan qaldırmaq lazımdırsa, tabletin sorulması daha asan olacağı üçün 
onu acqarına qəbul edin – yeməkdən ən azı 30 dəqiqə əvvəl (bax: “Qida və içkilərlə birlikdə 
istifadəsi”). DOLEKS-in lazım olan dozası ağrınızın növündən, şiddətindən və müddətindən 
asılıdır. Həkiminiz gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu
söyləyəcək. Tövsiyə olunan doza adətən gündə 3 tabletdən (75 mq) çox olmamaqla, hər 8 
saatdan bir 1 tablet (25 mq) təşkil edir.


Müxtəlif yaş qrupları
Uşaq və yeniyetmələrdə istifadəsi
Uşaq və yeniyetmələrdə istifadəsi DOLEKS istifadə edilməməlidir.
Yaşlılarda (65 yaş və yuxarı) istifadəsi
Yaşlısınızsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. 
DOLEKS-ə dözümlülüyünüz yaxşıdırsa, yaşlı xəstələrdə bu başlanğıc doza adi tövsiyə olunan 
dozaya (75 mq) qədər artırıla bilər.
Xüsusi hallarda istifadəsi
Böyrək/qaraciyər çatışmazlığı 
Böyrək və ya qaraciyər probleminiz varsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə 
müalicəyə başlamalısınız.
Qida və içkilərlə birlikdə istifadəsi
Tabletləri kifayət qədər su ilə qəbul edin. Tabletləri qida ilə birlikdə qəbul etmək mədə və ya 
bağırsaqda baş verə biləcək əlavə təsirlərin riskini azaltmağa kömək edir. Lakin, əgər kəskin 
ağrınız varsa, tabletləri acqarına qəbul edin. Dərmanın yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul 
edilməsi dərmanın daha tez təsir göstərməsinə kömək edir.
DOLEKS-i istifadə etməyi unutmusunuzsa
Növbəti dozanı mümkün qədər tez qəbul edin. 
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
Əgər DOLEKS-in təsirinin çox güclü və ya zəif olduğunu müşahidə edirsinizsə, bunu 
həkiminizə və ya əczaçıya bildirin.

 

Əlavə təsirləri
Bütün dərmanlar kimi DOLEKS-in tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssas 
olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. 
Mümkün əlavə təsirlər başvermə tezliyinə görə aşağıda verilmişdir.

Tez-tez baş verən əlavə təsirlər
• Ürəkbulanma və/və ya qusma
• Qarın ağrısı
• İshal
• Həzm problemləri (həzmin pozulması)
Bəzən baş verən əlavə təsirlər
• Baş dönmə (vertiqo)
• Başgicəllənmə
• Yuxululuq
• Yuxunun pozulması
• Qıcıqlanma
• Baş ağrısı
• Ürəkdöyünmə
• Qızartı
• Mədə ilə bağlı problemlər
• Qəbizlik
• Ağızda quruluq
• Qarın köpməsi
• Dəri səpgisi
• Yorğunluq
• Ağrı
• Qızdırma və titrətmə hissi
• Ümumi nasazlıq, halsızlıq hissi.
Nadir hallarda baş verən əlavə təsirlər
• Xora xəstəliyi
• Xoranın perforasiyası (deşilməsi) və ya qanaması (qanlı qusma və ya qara nəcislə özünü 
göstərir)
• Bayılma
• Qan təzyiqinin yüksəlməsi
• Çox yavaş tənəffüs
• Orqanizmdə suyun ləngiməsi və bədənin periferik nahiyələrində ödem (məsələn, topuqda 
ödem)
• İştahasızlıq (anoreksiya)
• Hisslərdə anormallıqlar
• Qırtlaq nahiyəsində ödem (boğazın ödemi)
• Ani inkişaf edən böyrək pozğunluğu (kəskin böyrək pozğunluğu)
• Qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit)
• Qaşınan səpgi
• Sızanaqlar (civzə)
• Tər ifrazının artması

• Bel ağrısı
• Tez-tez sidiyəgetmə
• Menstrual pozğunluqlar
• Prostatla bağlı problemlər
• Qaraciyərin funksional testlərinin (qan analizləri) anormal nəticə verməsi.
Çox nadir hallarda baş verən əlavə təsirlər
• Anafilaktik reaksiya (orqanizmin allergenlərə qarşı çox güclü reaksiyası, ani yüksək 
həssaslıq)
• Dəridə, ağızda, gözdə və cinsiyyət orqanlarında açıq yaralar (Stivens-Conson və Layell 
sindromları)
• Üzdə, və ya dodaqlarda və boğazda şişkinlik (angionevrotik ödem)
• Tənəffüs yollarının daralması nəticəsində təngnəfəslik (bronxospazm)
• Sürətli ürəkdöyünmə
• Qan təzyiqinin aşağı düşməsi
• Mədəaltı vəzinin iltihabı (pankreatit)
• Qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit)
• Bulanıq görmə
• Qulaqlarda cingilti (tinnitus)
• Dəridə həssaslıq
• İşığa qarşı həssaslıq
• Qaşınma
• Böyrək problemləri
• Ağ qan hüceyrələrinin miqdarının az olması (neytropeniya), trombositlərin miqdarının az 
olması (trombositopeniya)
Əvvəllər iltihabəleyhinə dərmanların uzun müddət istifadəsi nəticəsində Sizdə əlavə təsir 
meydana çıxmışdırsa və Siz müalicənin əvvəlində qarın/bağırsaq əlavə təsirlərini (məsələn, 
qarın ağrısı, yanma hissi, qanaxma) görsəniz, xüsusilə yaşlısınızsa, ağızda və ya cinsiyyət 
nahiyəsində hər hansı bir dəri səpgisi və ya hər hansı bir zədələnmə və ya allergiya əlamətləri 
görən kimi DOLEKS-in istifadəsini dayandırın.
QSİƏP-larla müalicə zamanı mayenin ləngiməsi və şişkinlik (ödem) (xüsusilə topuqlarda və 
ayaqlarda) qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı qeyd edilmişdir.
DOLEKS kimi dərmanlar infarkt (miokard infarktı) və ya insult riskinin bir qədər artmasına
səbəb ola bilər.
İmmun sistemin birləşdirici toxumanı zədələyən (sistem qırmızı qurdeşənəyi və ya birləşdirici 
toxumanın xəstəliyi) pozğunluğu olan xəstələrdə iltihabəleyhinə dərmanlar nadir hallarda 
qızdırma, baş ağrısı və boyun əzələlərinin rigidliyinə səbəb ola bilər.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə 
həkiminizə və ya əczaçıya məlumat verin. 

 


Doza həddinin aşılması
Əgər DOLEKS-dən istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkim və ya əczaçı 
ilə məsləhətləşin.
Lütfən, dərmanın qablaşdırmasını həkiminizə və ya əczaçıya göstərmək üçün özünüzlə 
götürün. 

 


Buraxılış forması
5 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 


Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan 
yerdə saxlamaq lazımdır.
Yararlılıq müddətinin bitmə tarixinə uyğun olaraq istifadə edin.
Preparatı istifadə etməzdən öncə vizual olaraq yoxlamaq lazımdır.
Əgər preparatda və/və ya qablaşdırmada hər hansı qüsur görünərsə, DOLEKS-i istifadə 
etməyin.

Yararlılıq müddəti bitmiş və ya artıq istifadə edilməyən dərman preparatlarını çirkab sularının 
və məişət tullantılarının içərisinə atmayın. Onların hara atılmasını əczaçıdan soruşun. Bu
tədbirlər ətraf mühitin qorunmasına xidmət edir. 
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. 
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 


Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.


İstehsalçı
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., 
ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013 Cad. No.24 Sincan/ANKARA.
Qeydiyyat vəsiqəsinin sahibi
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., 
Mustafa Kemal Mah., 2119.Sok. No:3 D:2-3 06520, Çankaya/ANKARA.