Pharmed
ABIZOL 5MG N28 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ABİZOL® 5 mq; 10 mq; 15 mq tabletlər
ABIZOL®
Beynəlxalq patentləşdirilməmiş adı: Aripiprazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq və ya 15 mq aripiprazol vardır.
Köməkçi maddələr: mannitol, krospovidon (Poliplasdon XL 10), krospovidon (Kollidon CL-F),
povidon (PVP K-30), maqnezium stearat, FD&C Blue 2 (indiqokarmin lak)
(E132) (Abizol® 5 mq), qırmızı dəmir oksidi (E172) (Abizol® 10 mq), sarı
dəmir oksidi (E172) (Abizol® 15 mq).
Təsviri
Abizol® 5 mq mavi rəngli, düzbucaq formalı, bir tərəfində «5» rəqəmi həkk olunmuş, digər tərəfi
kəsikli tabletlərdir.
Abizol® 10 mq çəhrayı rəngli, düzbucaq formalı, bir tərəfində «10» rəqəmi həkk olunmuş, digər
tərəfi kəsikli tabletlərdir.
Abizol® 15 mq sarı rəngli, dəyirmi formalı, bir tərəfində «15» rəqəmi həkk olunmuş tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər antipsixotik vasitələr.
ATC kodu: N05AX12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Belə güman edilir ki, aripiprazolun şizofreniya və bipolyar pozulmalar zamanı effektivliyi
dofamin D2 və serotonin 5HT1a reseptorlarına qarşı hissəvi aqonizmi və serotonin 5HT2a
reseptorlarına qarşı antaqonizmi sayəsində baş verir. Aripiprazol heyvan modellərində
dofaminergik hiperaktivlik zamanı antaqonist, dofaminergik hipoaktivlik zamanı isə aqonist təsir
göstərir. Aripiprazol in vitro tədqiqatlar zamanı dofamin D2 və D3, serotonin 5HT1a və 5HT2a
reseptorlarına qarşı yüksək affinlik, dofamin D4, serotonin 5HT2c və 5HT7, α1-adrenergik və
histamin H1 reseptorlarına qarşı isə orta affinlik nümayiş etdirir. Aripiprazol, həmçinin,
serotoninin geriyə udulmasında iştirak edən reseptorlarına qarşı orta affinlik nümayiş etdirir,
muskarin reseptorlarına qarşı affinliyi isə əhəmiyyətli deyildir. Dofamin və serotonindən başqa
digər reseptorlarla qarşılıqlı təsiri aripiprazolun digər klinik effektlərini izah edə bilər.
Farmakokinetikası
Sorulması
Aripiprazol yaxşı sorulur, maksimal plazma konsentrasiyası dozanın qəbulundan sonrakı 3-5 saat
ərzində əldə edilir. Aripiprazol minimal olaraq pre-sistem metabolizmə məruz qalır. Tabletin
peroral qəbulu zamanı mütləq biomənimsənilməsi 87% təşkil edir. Yüksək yağlı qidalar
aripiprazolun biomənimsənilməsinə təsir etmir.
Paylanması
Aripiprazol güclü ekstravaskulyar (damarxarici) paylanma da daxil olmaqla, 4,9 l/kq paylanma
həcmi ilə bədəndə geniş şəkildə paylanır. Terapevtik konsentrasiyalarda aripiprazol və
dehidroaripiprazolun 99 %-dən çox hissəsi, əsasən albumin olmaqla, plazma proteinləri ilə
birləşir.
Metabolizmi
Aripiprazol qaraciyərdə 3 biotransformasiya yolu ilə metabolizm olunur: dehidrogenləşmə,
hidroksilləşmə, N-dealkilləşmə. In vitro tədqiqatlara əsasən aripiprazolun dehidrogenləşməsi və
hidroksilləşməsi CYP3A4 və CYP2D6 fermentləri vasitəsi ilə, N-dealkilləşməsi isə CYP3A4
vasitəsilə kataliz edilir. Sistem qan dövranında əsas yeri aripiprazol tutur. Dehidroaripiprazol
aktiv metabolit olub plazmada aripiprazolun AUC göstəricisinin 40 %-ni təşkil edir.
Eliminasiyası
Aripiprazolun yarımparçalanması CYP2D6-ın güclü funksiyası zamanı təqribən 75 saat, zəif
funksiyası zamanı isə təqribən 146 saatdır.
[
14C]-nişanlanmış aripiprazolun birdəfəlik qəbulu zamanı təqribən 27%-i sidikdə, 60%-i nəcisdə
tapılmışdır. Dəyişilməmiş aripiprazolun 1%-dən az hissəsi sidiklə və 18%-i nəcislə xaric
olmuşdur.
Aripiprazolun ümumi bədən klirensi 0,7 ml/dəq/kq-dır, başlıca olaraq qaraciyər vasitəsilə baş
verir.
Xüsusi qrup xəstələrdə farmakokinetika
10-17 yaşlı uşaqlarda aripiprazol və dehidroaripiprazolun farmakokinetikası böyüklərlə oxşar
olmuşdur (dozaları bədən kütləsinə uyğunlaşdırdıqdan sonra).
Yaşlılarla cavanlar arasında aripiprazolun farmakokinetikasında fərq müşahidə edilməmişdir.
Ağır böyrək çatışmazlığı olan xəstələr və sağlam cavan şəxslərdə aripiprazol və
dehidroaripiprazolun farmakokinetikasında fərq müşahidə edilməmişdir.
Qaraciyər sirrozunun müxtəlif dərəcələri olan (Çayld-Pyu şkalası üzrə A, B və C sinifləri)
xəstələr üzərində keçirilmiş tədqiqatda qaraciyər çatışmazlığının aripiprazol və
dehidroaripiprazolun farmakokinetikasına əhəmiyyətli təsiri aşkar edilməmişdir. Lakin
tədqiqatda C sinfi qaraciyər sirrozu olan cəmi 3 xəstə iştirak etmişdir, bu da onların metabolik
imkanları barədə nəticəyə gəlmək üçün kifayət etmir.
İstifadəsinə göstərişlər
Abizol® böyüklərdə, 15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün
təyin edilir.
Abizol® I tip bipolyar pozulması olan xəstələrdə orta və ağır dərəcəli maniakal epizodların
müalicəsində və əvvəlcədən maniakal epizodlar müşahidə olunan və aripiprazol ilə aparılmış
müalicəyə cavab vermiş xəstələrdə yeni epizodların qarşısını almaq üçün təyin edilir.
Abizol® I tip bipolyar pozulması olan 13 yaş və 13 yaşdan yuxarı yeniyetmələrdə orta və ağır
dərəcəli maniakal epizodların 12 həftəyədək müalicəsi üçün təyin edilir.
Əks göstərişlər
Aktiv maddə olan aripiprazola və ya tabletin tərkibindəki hər hansı köməkçi maddəyə qarşı
yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antipsixotik müalicə zamanı xəstənin vəziyyətinin yaxşılaşması bir neçə gündən bir neçə həftəyə
qədər çəkə bilər. Bu period müddətində xəstələr diqqətli nəzarət altında olmalıdır.
İntihara cəhd davranışları və əhval-ruhiyyə pozulmaları psixi xəstəliklər üçün xarakterik
hallardır və bəzi xəstələrdə belə hallar təyinata başlayanda və ya dayandırdıqdan dərhal sonra,
aripiprazol ilə aparılmış terapiya daxil olmaqla qeydə alınmışdır. Yüksək risk qrupuna daxil olan
xəstələrə antipsixotik müalicə dövründə yaxından nəzarət edilməlidir. Epidemioloji tədqiqatların
nəticələri göstərir ki, şizofreniya və bipolyar pozulması olan xəstələrdə aripiprazolla müalicə
zamanı, digər antipsixotik dərmanlarla müqayisədə intihara meyil hallarında artım müşahidə
edilməmişdir.
Ürək-damar xəstəlikləri
Bilinən ürək-damar pozulmaları (miokard infarktı və ya ürəyin işemik xəstəliyi, ürək
çatışmazlığı, keçiricilik pozulması), serebrovaskulyar pozulmaları olan xəstələrdə, hipotenziyaya
(dehidratasiya, hipovolemiya və antihipertenziv dərmanlarla müalicə) və ya hipertenziyaya
(sürətli və bədxassəli hipertenziya daxil olmaqla) səbəb ola biləcək vəziyyətlərdə aripiprazol
ehtiyatla istifadə edilməlidir.
Antipsixotik dərmanlarla müalicə zamanı venoz trombemboliya (VTE) halları qeydə alınmışdır.
Antipsixotiklərlə müalicə alan xəstələr çox vaxt VTE üçün risk qrupuna daxil olduğundan,
müalicədən əvvəl və Abizol® ilə müalicə dövründə bütün mümkün olan VTE risk faktorları təyin
edilməli və qarşısını almaq üçün tədbirlər görülməlidir.
QT intervalının uzanması
Klinik tədqiqatlar zamanı aripiprazolla müalicə alan xəstələrdə plasebo ilə müqayisədə QT
intervalının uzanması qeydə alınmışdır. Digər antipsixotiklərlə olduğu kimi, aripiprazol ailəsində
QT intervalının uzanması halları olan xəstələrə ehtiyatla təyin edilməlidir.
Gecikmiş diskineziya
1 il və daha az müddətli klinik tədqiqatlar zamanı bəzi hallarda aripiprazolla müalicə ilə bağlı
diskineziya halları qeydə alınmışdır. Abizol® ilə müalicə olunan xəstələrdə gecikmiş
diskineziyanın əlamət və simptomları meydana çıxırsa, doza azaldılmalı və ya müalicə tamamilə
dayandırılmalıdır. Müalicə dayandırıldıqdan sonra bu simptomlar müvəqqəti olaraq pisləşə bilər.
Digər ekstrapiramid simptomlar (EPS)
Aripiprazol ilə keçirilmiş pediatrik klinik tədqiqatlarda akatiziya və parkinsonizm müşahidə
edilmişdir. Aripiprazol qəbul edən xəstələrdə digər EPS əlamətləri meydana çıxarsa, dozanın
azaldılması nəzərdə tutulmalı və ciddi klinik nəzarət aparılmalıdır.
Bədxassəli neyroleptik sindrom (BNS)
BNS antipsixotik dərman vasitələri ilə bağlı olan potensial həyat üçün təhlükəli haldır. Klinik
tədqiqatlarda aripiprazol ilə müalicə zamanı BNS nadir hallarda qeydə alınmışdır. BNS-in klinik
təzahürləri: yüksək temperatur, əzələ rigidliyi, psixi vəziyyətin dəyişməsi və avtonom qeyri
stabillikdir (qeyri-müntəzəm nəbz və ya qan təzyiqi, taxikardiya, həddindən artıq tərləmə, ürək
aritmiyası). Əlavə olaraq, kreatin fosfokinazanın yüksəlməsi, mioqlobinuriya (rabdomioliz) və
kəskin böyrək çatışmazlığı baş verə bilər. Lakin, BNS-lə əlaqəli olmayan kreatinin
fosfokinazanın yüksəlməsi və rabdomioliz də həmçinin qeydə alınmışdır. Əgər xəstədə BNS
simptomları varsa və ya digər əlamətlər olmadan səbəbsiz yüksək hərarət müşahidə olunursa,
Abizol® daxil olmaqla, bütün antipsixotik vasitələrin qəbulu dayandırılmalıdır.
Tutmalar (qıcolmalar)
Klinik tədqiqatlara əsasən aripiprazolla müalicə alan xəstələrdə az hallarda tutmaların baş verdiyi
qeydə alınmışdır. Aripiprazol anamnezində tutmalar və ya tutmalara səbəb ola biləcək
vəziyyətləri olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.
Demensiya ilə bağlı psixozu olan yaşlı xəstələr
Alsheymer xəstəliyi ilə bağlı psixozu olan yaşlı xəstələrdə aripiprazolun istifadəsini öyrənmək
üçün aparılan üç plasebo-nəzarətli tədqiqatda (n= 938; orta yaş: 82,4 yaş; yaş həddi: 56-99 yaş)
aripiprazolla müalicə alan xəstələrdə plasebo ilə müqayisədə daha yüksək ölüm riski müşahidə
edilmişdir. Aripiprazolla müalicə alan xəstələrdə ölüm hallarının tezliyi plasebo qrupundakı
1,7%-lə müqayisədə 3,5% təşkil etmişdir. Ölüm hallarının səbəblərinin müxtəlif olmasına
baxmayaraq, əksər hallarda ölüm ürək-damar sistemi ilə (məsələn, ürək çatışmazlığı, ürəklə bağlı
qəfil ölüm) və ya infeksion xəstəliklə (məsələn, pnevmoniya) bağlı olmuşdur.
Eyni tədqiqatlar zamanı xəstələrdə ölüm halı da daxil olmaqla serebrovaskulyar əlavə təsirlər
(insult, tranzitor işemik həmlə) qeydə alınmışdır (orta yaş 84, yaş həddi 78-88). Belə hallar
aripiprazolla müalicə alanların 1,3%-də, plasebo qəbul edənlərin isə 0,6%-də rast gəlinmişdir. Bu
fərq statistik əhəmiyyətli olmasa da, bu tədqiqatlardan birində – sabit doza ilə aparılan klinik
tədqiqatda serebrovaskulyar əlavə təsirlərin dozalanmadan əhəmiyyətli dərəcədə asılı olduğu
müəyyən edilmişdir. Aripiprazol demensiya ilə bağlı psixozlarda təyin edilmir.
Hiperqlikemiya və şəkərli diabet
Aripiprazol da daxil olmaqla, atipik antipsixotiklərlə müalicə alan xəstələrdə hiperqlikemiya
halları qeydə alınmışdır (bəzi hallarda şiddətli olmuş və ketoasidoz, hiperosmolyar koma və ya
ölümə səbəb olmuşdur). Belə ciddi ağırlaşmalar üçün risk faktoru piylənmə, ailə anamnezində
diabetin olmasıdır. Klinik tədqiqatlar zamanı aripiprazol qəbul edənlərdə hiperqlikemiya ilə bağlı
əlavə təsirlər (diabet daxil olmaqla) və ya laboratoriyanın qeyri-normal qlikemiya göstəriciləri
plasebo ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqli olmamışdır. Aripiprazol və digər atipik
antipsixotik dərmanlarla müalicə qəbul edən xəstələrdə hiperqlikemiya ilə əlaqəli əlavə təsirlərin
baş verməsi riskini birbaşa müqayisə edən dəqiq qiymətləndirmə yoxdur. Abizol® daxil olmaqla
istənilən antipsixotik dərmanla müalicə alan xəstələr hiperqlikemiyanın əlamət və simptomlarına
(polidipsiya, poliuriya, polifagiya və zəiflik kimi) görə müşahidə edilməlidir və şəkərli diabeti
olan və ya şəkərli diabet üçün risk faktoru olan xəstələrə müntəzəm nəzarət edilməlidir.
Yüksək həssaslıq
Digər dərman vasitələri ilə olduğu kimi, aripiprazola qarşı da allergik simptomlarla xarakterizə
olunan yüksək həssaslıq reaksiyaları baş verə bilər.
Bədən kütləsinin artması
Antipsixotik dərmanlardan istifadə və hərəkətsiz həyat tərzi ilə əlaqədar kütlə artımı şizofreniya
və bipolyar mania ilə xəstələrdə tez-tez rast gəlinən haldır və ciddi ağırlaşmalara səbəb ola bilər.
Bədən kütləsinin artması postmarketinq dövründə aripiprazol təyin edilmiş xəstələrdə qeydə
alınmışdır. Bu, adətən anamnezində diabet, tireoid pozulması və ya hipofizin adenoması kimi
risk faktorları olan xəstələrdə rast gəlinmişdir. Tədqiqatlar zamanı aripiprazolun böyüklərdə
klinik əhəmiyyətli kütlə artımına səbəb olduğu müşahidə edilməmişdir. Bipolyar maniası olan
yeniyetmələrin iştirakı ilə keçirilmiş tədqiqatlarda, aripiprazolla 4 həftəlik müalicədən sonra
bədən kütləsinin artması müşahidə edilmişdir. Bipolyar mania ilə yeniyetmə xəstələrdə bədən
kütləsinə nəzarət edilməlidir. Bədən kütləsinin klinik əhəmiyyətli artımı zamanı dozanın
azaldılması nəzərdə tutulmalıdır.
Disfagiya
Digər antipsixotiklərlə olduğu kimi, aripiprazolla müalicədə də qida borusunun motorikasının
pozulması və aspirasiya müşahidə edilmişdir. Aspirasion pnevmoniyası olan xəstələrdə
aripiprazol və digər antipsixotik dərmanlar ehtiyatla istifadə edilməlidir.
Azart oyunlara patoloji hərislik
Aripiprazolla müalicə zamanı xəstələrdə patoloji hərisliklər (xüsusilə azart oyunlara) və onları
idarə edə bilməmək müşahidə edilə bilər. Qeydə alınmış digər patoloji hərisliklər: artmış cinsi
həvəs, kompulsiv alış-veriş, həddinən artıq və ya kompulsiv yemək, digər impulsiv və kompulsiv
davranışlar. Aripiprazolla müalicə zamanı xəstələrdə belə hallar qeydə alınarsa, dozanın
azaldılması və ya müalicənin dayandırılması nəzərdən keçirilməlidir.
Yanaşı diqqət çatışmazlığı hiperaktiv pozulması (DÇHP) olan xəstələr
I tip bipolyar pozulma və DÇHP-nin yanaşı tez-tez rast gəlməsinə baxmayaraq, aripiprazolun və
stimulyatorların birgə istifadəsinin təhlükəsizliyinə dair məlumatlar çox məhduddur; buna görə
bu preparatların birgə istifadəsi zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aripiprazol α
1
-adrenergik reseptorlara qarşı antaqonizmi ilə əlaqədar antihipertenziv vasitələrin
təsirini artıra bilər.
Aripiprazolun MSS-ə təsirini nəzərə alaraq, əlavə reaksiya olaraq sedasiya törədən alkoqol və
digər dərman vasitələri ilə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Əgər aripiprazol QT intervalını uzadan və ya elektrolit disbalansı yaradan dərmanlarla birgə
təyin edilirsə, ehtiyatlı olmaq lazımdır.
Digər dərman vasitələrinin Abizol®-a təsiri
Mədə turşusunun ifrazını azaldan və H2 antaqonisti olan famotidin aripiprazolun sorulmasını
azaldır, lakin bu, klinik olaraq əhəmiyyətli hesab edilmir.
Aripiprazol CYP2D6 və CYP3A4 izofermentlərinin cəlb olunduğu biotransformasiya yolları ilə
metabolizm olunur, bu prosesdə CYP1A iştirak etmir. Bu səbəbdən, siqaret çəkənlərdə dozaya
düzəliş edilməsi tələb olunmur.
Xinidin və digər CYP2D6 inhibitorları
Sağlam şəxslərdə klinik tədqiqatlar zamanı, CYP2D6-ın güclü inhibitoru (xinidin) Cmax-ı
dəyişmədən, aripiprazolun AUC göstəricisinin 107 % artmasına səbəb olmuşdur. Aktiv metabolit
olan dehidroaripiprazolun Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 32% və 47% olmaqla
azalmışdır. Abizol® xinidinlə birlikdə təyin edilirsə, aripiprazolun dozası təxminən 2 dəfə
azaldılmalıdır. CYP2D6-ın fluoksetin və paroksetin kimi digər güclü inhibitorlarının da eyni
effekt göstərəcəyi ehtimal olunur, bunun üçün eyni doza azaldılması bu dərmanlarla da
aparılmalıdır.
Ketokonazol və digər CYP3A4 inhibitorları
Sağlam şəxslərdə aparılan klinik tədqiqatlar zamanı, CYP3A4-ün güclü inhibitoru (ketokonazol)
aripiprazolun Cmax və AUC göstəricilərini, müvafiq olaraq, 63% və 37% artırır.
Dehidroaripiprazolun Cmax və AUC göstəriciləri isə, müvafiq olaraq, 77% və 43% artır.
CYP2D6-ın zəif funksiyası zamanı CYP3A4-ün güclü inhibitorları ilə birgə istifadəsi, CYP2D6-
ın güclü funksiyasına nisbətən aripiprazolun plazma konsentrasiyasının daha çox yüksəlməsinə
səbəb ola bilər. Buna görə ketokonazol və digər CYP3A4 blokatorları Abizol® ilə birlikdə təyin
edildikdə potensial risk və potensial fayda qiymətləndirilməlidir. Ketokonazol Abizol® ilə
birlikdə təyin edildikdə Abizol®-un dozası təxminən 2 dəfə azaldılmalıdır. İtrakonazol və İİV
proteaza inhibitorları kimi, CYP3A4-ün digər güclü inhibitorları da eyni effekti törədə bilər,
buna görə dozaya eyni şəkildə düzəliş edilməsi bu dərmanlarla da aparılır.
CYP2D6 və ya CYP3A4 inibitorlarının qəbulu dayandırıldıqda, Abizol®-un əvvəlki dozası bərpa
edilir. CYP3A4-ün zəif inhibitorları (məs., diltiazem) və ya CYP2D6-ın zəif inhibitorları (məs.,
essitalopram) Abizol® ilə birlikdə istifadə edildikdə aripiprazolun konsentrasiyası az miqdarda
arta bilər.
Karbamazepin və digər CYP3A4 induktorları
CYP3A4-ın induktoru olan karbamazepin aripiprazolla birgə istifadə edildikdə Cmax və AUC
göstəriciləri, aripiprazolun tək qəbuluna (30 mq) nisbətən, müvafiq olaraq, 68% və 73% azalır,
dehidroaripiprazol üçün, bu göstəricilər müvafiq olaraq, 69% və 71% azalır. Bu səbəbdən,
Abizol® karbamazepinlə birlikdə təyin edildikdə aripiprazolun dozası 2 dəfə artırılmalıdır.
CYP3A4-ün digər güclü induktorları (rifampisin, rifabutin, fenitoin, fenobarbital, primidon,
efavirenz, nevirapin və dazıotu – Hypericum perforatum) eyni effekt törədə bilər, buna görə
dozaya eyni şəkildə düzəliş edilməlidir. CYP3A4 induktorlarının qəbulu dayandırıldıqdan sonra
aripiprazolun dozası əvvəlki dozaya qədər azaldılmalıdır.
Valproat və litium
Valproat və ya litiumla birlikdə təyini aripiprazolun konsentrasiyasında klinik əhəmiyyətli
dəyişiklik yaratmamışdır.
Abizol®-un digər dərmanlara təsiri
Klinik tədqiqatlar zamanı 10-30 mq/gün dozada aripiprazol təyini CYP2D6 (dekstrometorfan/
3-metoksimorfinan nisbəti), CYP2C9 (varfarin), CYP2C19 (omeprazol) və CYP3A4
(dekstrometorfan) izofermentləri vasitəsilə metabolizm olunan dərmanlara əhəmiyyətli təsir
göstərməmişdir. Əlavə olaraq, in vitro tədqiqatlarda aripiprazol və dehidroaripiprazol CYP1A2
ilə əlaqəli metabolizmə təsir etmir. Bu izofermentlə metabolizmə uğrayan dərman vasitələri ilə
klinik əhəmiyyətli qarşılıqlı təsiri ehtimal edilmir.
Aripiprazol valproat, litium və ya lamotricinlə birgə təyin edildikdə, valproat, litium və
lamotricinin konsentrasiyasında klinik əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.
Serotonin sindromu
Aripiprazolla müalicə alan xəstələrdə serotonin sindromu halları qeydə alınmışdır. Bu sindormun
əlamət və simptomları xüsusilə seçici serotoninin və serotonin və noradrenalinin geriyə
udulmasının inhibitorları kimi serotoninergik dərmalar ilə birgə istifadə zamanı, yaxud
aripiprazolun konsentrasiyasını artıran digər dərmanlarla yanaşı istifadə zamanı meydana çıxa
bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda aripiprazol ilə müvafiq klinik tədqiqatlar aparılmamışdır. Anadangəlmə
anomaliyalar qeydə alınsa da, bunun aripiprazol qəbulu səbəbindən olduğu müəyyən deyil.
Heyvanlar üzərində aparılan tədqiqatlar inkişaf üçün toksiklik potensialını istisna etmir. Xəstələr
hamilə qalmaqları barədə və ya aripiprazolla müalicə dövründə hamilə qalmaq
niyyətindədirlərsə, həkimə bildirməlidirlər. Hər halda, insanlar üçün təhlükəsizliyi haqda
məlumat məhdud olduğundan və heyvanlarla aparılan tədqiqatların nəticələri narahatlıq
yaratdığından, aripiprazol yalnız hamilələrə göstərdiyi effekt döl üçün yaratdığı riskdən daha
önəmli olduğu hallarda istifadə edilə bilər.
Hamiləliyin 3-cü trimestri ərzində antipsixotik dərmanların (o cümlədən, aripiprazolun) təsirinə
məruz qalmış körpələr doğuşdan sonra ağırlığına və davametmə müddətinə görə müxtəlif olan
ekstrapiramid və/və ya “kəsmə” simptomları kimi əlavə təsirlərə məruz qala bilərlər. Qeydə
alınmışdır ki, belə körpələrdə oyanıqlıq, hipotoniya, hipertoniya, tremor, yuxululuq, respirator
pozulma, qidalanma pozulması halları baş verir. Bu səbəbdən, belə körpələr diqqətli nəzarət
altında saxlanılmalıdır.
Aripiprazol ana südünə ifraz olunur. Ana üçün aripiprazolla müalicənin faydası və uşaq üçün ana
südü ilə qidalanmanın faydası nəzərə alınmaqla, aripiprazolla müalicəni dayandırmaq və ya ana
südü ilə qidalandırmanı dayandırmaq haqqında qərar verilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Aripiprazol nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə cüzi-orta dərəcədə
təsir göstərə bilər (sedasiya, yuxululuq, bayılma, bulanıq görmə, diplopiya kimi potensial əlavə
təsirlərlə əlaqədar olaraq).
İstifadə qaydası və dozası
Böyüklər
Şizofreniya
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dozası saxlanılmaqla,
gündə 1 dəfə, qida qəbulundan asılı olmayaraq.
Abizol® 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 15 mq-dan yüksək dozalarda
effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi xəstələrdə yüksək dozada effektiv ola bilər.
Maksimal gündəlik doza 30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozulma zamanı maniakal epizodlar
Monoterapiya və ya kombinəedilmiş müalicə zamanı gündəlik doza qida qəbulundan asılı
olmayaraq 15 mq-dır. Bəzi xəstələr üçün yüksək doza effektiv ola bilər. Maksimal gündəlik doza
30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozulma zamanı maniakal epizodların təkrarlanmasının qarşısını almaq üçün
Maniakal epizodun monoterapiya və ya kombinəedilmiş müalicəsi üçün aripiprazol qəbul etmiş
xəstələrdə təkrarlanmanın qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir. Gündəlik
dozaya düzəliş edilməsi və ya dozanın azaldılması klinik göstəricilərə əsasən aparılır.
Uşaqlar və yeniyetmələr
15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniya
Abizol® üçün məsləhət görülən doza 10 mq/gün, gündə 1 dəfə, qida qəbulundan asılı olmayaraq.
Müalicə 2 gün gündə 2 mq doza ilə başlanmalı, sonrakı 2 gün gündə 5 mq dozaya qaldırılmaqla,
tövsiyə oluna gündəlik 10 mq dozaya çatdırılmalıdır. Əgər lazım olarsa, sonrakı doza artımı 5
mq olmaqla, gündəlik doza 30 mq-dan artıq olmamaq şərtilə aparıla bilər.
Abizol® 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 10 mq-dan yüksək dozalarda
yeniyetmələrdə effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi xəstələrdə yüksək dozada
effektiv ola bilər.
Abizol®-un 15 yaşdan kiçik şizofreniyalı xəstələrdə istifadəsi, effektivliyi və təhlükəsizliyi
haqqında məlumatlar məhdud olduğu üçün, məsləhət görülmür.
13 yaş və 13 yaşdan yuxarı yeniyetmələrdə I tip bipolyar pozulma zamanı maniakal epizodlar
Abizol® üçün məsləhət görülən doza 10 mq/gün, gündə 1 dəfə, qida qəbulundan asılı olmayaraq.
Müalicə 2 gün gündə 2 mq doza ilə başlanmalı, sonrakı 2 gün gündə 5 mq dozaya qaldırılmaqla,
tövsiyə oluna gündəlik 10 mq dozaya çatdırılmalıdır. Müalicə müddəti simptomlara nəzarət
etmək üçün minimum lazım olan qədər olmalı və 12 həftədən artıq olmamalıdır. Gündəlik
10 mq-dan yüksək dozalarda effektivliyin artdığı müşahidə edilməmişdir, və gündəlik 30 mq
doza EPS-lə əlaqəli hadisələr, yuxululuq, yorğunluq, bədən kütləsinin artması daxil olmaqla,
əlavə təsirlərin tezliyinin əhəmiyyətli artması ilə nəticələnmişdir. Buna görə gündəlik 10 mq-dan
yüksək dozalar yalnız istisna hallarda ciddi klinik nəzarət altında istifadə oluna bilər. Daha gənc
xəstələrdə aripiprazolla əlaqədar əlavə təsirlərin meydana çıxma ehtimalı yüksək olduğundan,
Abizol®-un 13 yaşdan kiçik xəstələrdə istifadəsi tövsiyə olunmur.
Autistik pozulma ilə əlaqəli əsəbilik
Aripiprazolun 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi
müəyyən edilməmişdir.
Turet sindromu ilə bağlı tiklər
Aripiprazolun 6-18 yaşlı uşaqlarda və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi müəyyən
edilməmişdir.
Xüsusi qrup xəstələr
Qaraciyər çatışmazlığı
Yüngül və orta ağırlıqlı qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb
olunmur. Ciddi qaraciyər çatışmazlığı olan xəstələrə təsiri haqqında məlumatlar məhduddur.
Belə xəstələrdə dozalanma ehtiyatla aparılmalıdır və 30 mq/gün maksimal gündəlik doza çox
ehtiyatla təyin edilməlidir.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur.
Yaşlılar
≥ 65 yaşlı şizofreniya və bipolyar pozulması olan xəstələrdə aripiprazolun effektivliyi müəyyən
edilməmişdir. Bu qrup əhalinin yüksək həssaslığını nəzərə alaraq və klinik faktorlar əsas verirsə,
aşağı başlanğıc doza təyin edilməlidir.
Cins
Qadınlarda və kişilərdə cinsdən asılı olaraq dozaya düzəliş edilməsinə ehtiyac yoxdur.
Siqaret çəkənlər
Aripiprazolun metabolizm yollarına əsasən, siqaret çəkənlərdə dozaya düzəliş edilməsinə ehtiyac
yoxdur.
Qarşılıqlı təsirlərlə əlaqədar dozaya düzəliş edilməsi
Aripiprazol güclü CYP3A4 və ya CYP2D6 inhibitorları ilə birlikdə təyin edildikdə dozası
azaldılmalıdır. CYP3A4 və ya CYP2D6 inhibitorlarının qəbulu dayandırıldıqdan sonra isə
aripiprazolun dozası artırılmalıdır.
Aripiprazol güclü CYP3A4 induktorları ilə birgə təyin edilildikə dozası artırılmalıdır. CYP3A4
induktorlarının qəbulu dayandırıldıqdan sonra isə aripiprazolun dozası lazım olan dozaya qədər
aşağı salınmalıdır.
Əlavə təsirləri
Plasebo-nəzarətli tədqiqatlarda ən çox rast gələn əlavə təsirlər akatiziya (narahatlıq) və
ürəkbulanma olmuşdur, hər ikisi aripiprazol qəbul edən xəstələrin 3%-dən çoxunda rast
gəlmişdir.
Aşağıda klinik tədqiqatlarda və postmarketinq dövrdə qeydə alınmış əlavə təsirlər göstərilmişdir.
Əlavə təsirlər rastgəlmə tezliyinə görə təsnif edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 dən
<1/10-a qədər), bəzən (≥1/1000 dən <1/100-ə qədər), nadir (≥1/10000 dən <1/1000-ə qədər), çox
nadir (<1/10000), məlum deyil (mövcud məlumatlara əsasən müəyyən etmək mümkün deyil).
Qan və limfa sistemi pozulmaları
Məlum deyil: leykopeniya, neytropeniya, trombositopeniya.
İmmun sistemi pozulmaları
Məlum deyil: allergik reaksiyalar (məs., anafilaktik reaksiya, dilin şişməsi daxil olmaqla
angionevrotik ödem, dilin ödemi, üzün ödemi, qaşınma və ya övrə).
Endokrin pozulmalar
Bəzən: hiperprolaktinemiya;
Məlum deyil: diabetik hiperosmolyar koma, diabetik ketoasidoz, hiperqlikemiya.
Metabolizm və qidalanma pozulmaları
Tez-tez: şəkərli diabet;
Bəzən: hiperqlikemiya;
Məlum deyil: hiponatriemiya, anoreksiya, bədən kütləsinin azalması, bədən kütləsinin artması.
Psixi pozulmalar
Tez-tez: yuxusuzluq, həyəcan, narahatlıq;
Bəzən: depressiya, hiperseksuallıq;
Məlum deyil: intihara cəhd, intihara meyilli fikirlər, intihar etmək, azart oyunlara patoloji
hərislik, impuls-nəzarət pozulmaları, həddindən artıq yemək, kompulsiv alış-veriş, poriomania,
aqressiya, təşviş, əsəbilik.
Sinir sistemi pozulmaları
Tez-tez: akatiziya, ekstrapiramid pozulma, tremor, baş ağrısı, sedasiya, yuxululuq,
başgicəllənmə;
Bəzən: gecikmiş diskineziya, distoniya;
Məlum deyil: bədxassəli neyroleptik sindrom (BNS), böyük epileptik tutmalar (Grand mal),
serotonin sindromu, nitq pozulması.
Görmədə pozulmalar
Tez-tez: bulanıq görmə;
Bəzən: diplopiya.
Ürək tərəfindən pozulmalar
Bəzən: taxikardiya;
Məlum deyil: qəfil səbəbsiz ölüm, torsades de pointes (“piruet” tipli paroksizmal mədəcik
taxikardiyası), QT intervalının uzanması, ventrikulyar aritmiya, ürək tutması, bradikardiya.
Damar pozulmaları
Bəzən: ortostatik hipotenziya;
Məlum deyil: venoz trombemboliya (pulmonar embolizm və dərin venaların trombozu daxil
olmaqla), bayılma, hipertenziya.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında pozulmalar
Bəzən: hıçqırma;
Məlum deyil: aspirasion pnevmoniya, larinqospazm, orofarinqeal spazm.
Mədə-bağırsaq pozulmaları
Tez-tez: qəbizlik, dispepsiya, ürəkbulanma, qusma, ağız suyu ifrazının artması;
Məlum deyil: pankreatit, disfagiya, diareya, qarında diskomfort, mədədə diskomfort.
Hepatobiliar pozulmalar
Məlum deyil: qaraciyər çatışmazlığı, hepatit, sarılıq, alanin aminotransferazanın (ALT)
yüksəlməsi, aspartat aminotransferazanın (AST) yüksəlməsi, qammaqlutamil transferazanın
yüksəlməsi (QQT), qələvi fosfatazanın yüksəlməsi.
Dəri və dərialtı toxuma pozulmaları
Məlum deyil: səpgi, fotohəssaslıq reaksiyası, alopesiya, hiperhidroz.
Sümük-əzələ sistemi və birləşdirici toxuma pozulmaları
Məlum deyil: rabdomioliz, mialgiya, əzələ sərtliyi.
Böyrək və sidik sistemi pozulmaları
Məlum deyil: sidik saxlamazlıq, sidik ləngiməsi.
Hamiləlik, doğuşdan sonrakı və perinatal dövrdə pozulmalar
Məlum deyil: yenidoğulmuşlarda “kəsmə” sindromu.
Reproduktiv sistem və süd vəzisi pozulmaları
Məlum deyil: priapizm.
Ümumi pozulmalar
Tez-tez: yorğunluq;
Məlum deyil: temperatur tənziminin pozulması (məs., hipotermiya, pireksiya), sinə nahiyəsində
ağrı, periferik ödem.
Müayinələr
Məlum deyil: qanda qlükozanın yüksəlməsi, qlikohemoqlobin səviyyəsinin yüksəlməsi, qanda
qlükoza səviyyəsinin oynaması, kreatin fosfokinazanın yüksəlməsi.
Ayrı-ayrı əlavə təsirlərin təsviri
Böyüklər
Ekstrapiramid simptomlar (EPS)
Şizofreniya – tədqiqatlar zamanı aripiprazol müalicəsi alan xəstələrdə parkinsonizm, akatiziya,
distoniya və diskineziya daxil olmaqla EPS-in baş verməsi (25,8%) haloperidol müalicəsi
alanlarla müqayisədə (57,3%) xeyli aşağıdır. Plasebo-nəzarətli tədqiqatda EPS-in baş verməsi
aripiprazol müalicəsi alanlarda 19%, plasebo qəbul edənlərdə 13,1% olmuşdur. Digər tədqiqatda
EPS-in baş verməsi aripiprazol müalicəsi alanlarda 14,8%, olanzapin müalicəsi alanlarda isə
15,1% olmuşdur.
I tip bipolyar pozulması olan xəstələrdə maniakal epizodlar – 12 həftəlik nəzarətli tədqiqatda
EPS-in baş verməsi aripiprazol müalicəsi alanlarda 23,5%, haloperidol müalicəsi alanlarda isə
53,3% olmuşdur. Digər 12 həftəlik tədqiqatda EPS-in baş verməsi aripiprazol müalicəsi
alanlarda 26,6%, litium müalicəsi alanlarda isə 17,6% olmuşdur. Plasebo-nəzarətli tədqiqatda
EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 18,2%, plasebo qrupunda isə 15,7%
olmuşdur.
Plasebo-nəzarətli tədqiqatlar zamanı bipolyar xəstələrdə akatiziyanın baş verməsi aripiprazol
qrupu üçün 12,1% və plasebo qrupu üçün 3,2% olmuşdur. Şizofreniya xəstələrində isə
akatiziyanın baş verməsi aripiprazol qrupu üçün 6,2% və plasebo qrupu üçün 3,0% olmuşdur.
Distoniya
Sinif effekti: distoniya simptomları, əzələ qruplarının uzun sürən, qeyri-normal dartılmaları bəzi
həssas xəstələrdə müalicənin ilk bir neçə günündə baş verə bilər. Distonik simptomlara daxildir:
boyun əzələlərinin spazmı, bəzən boğazda bərkiməyə qədər inkişaf edə bilər, udma çətinliyi,
tənəffüs çətinliyi və/və ya dilin protruziyası (çıxması). Belə hallar aşağı dozada baş verə bilsə də,
birinci nəsil antipsixotik dərmanların yüksək dozalarında daha tez-tez və daha ağır şəkildə baş
verir. Kəskin distoniyanın baş verməsi riski kişilərdə və gənc yaş qrupunda daha çoxdur.
Prolaktin
Klinik tədqiqatlarda və postmarketinq təcrübədə aripiprazol istifadəsi ilə bağlı hər ikisi –
zərdabda prolaktin səviyyəsinin yüksəlməsi və azalması qeyd edilmişdir.
Laborator parametrlər
Aripiprazol və plasebo qrupunda rutin laborator göstəricilərdə və lipid parametrlərində klinik
əhəmiyyətli fərqlər müşahidə edilməmişdir. Kreatin fosfokinazanın yüksəlməsi, əsasən keçici və
asimptomatik olmaqla, aripiprazol qrupunda 3,5%, plasebo qrupunda isə 2,0% hallarda baş
vermişdir.
Uşaqlar və yeniyetmələr
15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniya
Şizofreniyalı 302 yeniyetmənin cəlb olunduğu (13-17 yaş) qısamüddətli, plasebo-nəzarətli
tədqiqatda aşağıda göstərilən arzuolunmaz əlavə təsirlər istisna olmaqla, digərlərinin növü və baş
vermə tezliyi böyüklərlə oxşar olmuşdur. Yuxululuq/sedasiya və ekstrapiramid pozulma çox tez-
tez (≥ 1/10), ağızda quruluq, iştahanın artması və ortostatik hipotenziya isə tez-tez olaraq
(≥1/100 - < 1/10) aripiprazol qəbul edən yeniyetmələrdə böyüklərə nisbətən (həmçinin, plasebo
qrupuna nisbətən) daha çox rast gəlmişdir. 26 həftəlik açıq klinik tədqiqatda təhlükəsizlik profili
qısamüddətli plasebo-nəzarətli tədqiqatda aparılan müşahidələrlə oxşar olmuşdur.
Aşağıdakı əlavə təsirlər istisna olmaqla, aripiprazol qəbul edən pediatrik xəstələrdə
uzunmüddətli plasebo-nəzarətli tədqiqatda da təhlükəsizlik profili böyüklərlə oxşar olmuşdur:
bədən kütləsinin azalması, qanda insulin səviyyəsinin yüksəlməsi, aritmiya və leykopeniya tez-
tez rast gəlmişdir (≥ 1/100 - < 1/10).
2 il müddətində aripiprazol qəbul etmiş şizofreniyalı yeniyetmələrdə (13-17 yaş) qan zərdabında
prolaktin səviyyəsinin azalması qadınlarda (< 3 nq/ml) və kişilərdə (< 2 nq/ml) müvafiq olaraq
29,5% və 48,3% olmuşdur.
13 yaş və 13 yaşdan yuxarı yeniyetmələrdə I tip bipolyar pozulma zamanı maniakal epizodlar
I tip bipolyar pozulma zamanı aşağıdakı əlavə təsirlər istisna olmaqla, təhlükəsizilik profili
böyüklərlə oxşar olmuşdur: çox tez-tez (≥ 1/10) yuxululuq (23%), ekstrapiramid pozulmalar
(18,4 %), akatiziya (16%), zəiflik (11,8 %); tez-tez (≥ 1/100 - < 1/10) qarnın yuxarı hissəsində
ağrı, ürək döyüntüsünün tezləşməsi, bədən kütləsinin artması, iştahanın artması, əzələ səyirməsi,
diskineziya müşahidə edilmişdir.
I tip bipolyar pozulma ilə yeniyetmələrdə aripiprazolla müalicə qrupunda bədən kütləsinin orta
dəyişməsi 12-ci və 30-cu həftələrdə müvafiq olaraq 2,4 kq və 5,8 kq, plasebo qrupunda isə
0,2 kq və 2,3 kq olmuşdur.
Pediatrik populyasiyada yuxululuq və zəiflik şizofreniyalı xəstələrlə müqayisədə bipolyar
pozulması olan xəstələrdə daha çox müşahidə edilmişdir.
30 həftəyə qədər aripiprazolla müalicə alan pediatrik bipolyar populyasiyada (10-17 yaş)
zərdabda prolaktin səviyyəsinin azalması qadınlarda (< 3 nq/ml) və kişilərdə (< 2 nq/ml)
müvafiq olaraq 28% və 53,3 % olmuşdur.
DƏRMAN QƏBULU ZAMANI ARZUOLUNMAZ REAKSİYALAR YARANDIQDA
HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN!
Doza həddinin aşılması
Klinik tədqiqatlar və postmarketinq təcrübədə, təsadüfi və ya məqsədli olaraq aripiprazolun
kəskin doza həddinin aşılmasında 1260 mq-a qədər dozada ölüm halları müşahidə edilməmişdir.
Müşahidə edilən tibbi cəhətdən əhəmiyyətli simptom və əlamətlər letargiya, qan təzyiqinin
yüksəlməsi, yuxululuq, taxikardiya, ürəkbulanma, qusma və diareya olmuşdur. Uşaqlarda
təsadüfi yüksək dozalanma (195 mq-a qədər) ölüm halları ilə müşahidə edilməmişdir. Tibbi
cəhətdən əhəmiyyətli simptom və əlamətlər kimi yuxululuq, şüurun müvəqqəti itməsi və
ekstrapiramid simptomlar qeydə alınmışdır.
Doza həddinin aşılması zamanı dəstəkləyici müalicə, tənəffüs yollarının normal keçiriciliyinin
təmin edilməsi, oksigenasiya və ventilyasiya, simptomlara nəzarət olunması tələb olunur. Başqa
dərmanların da prosesə cəlb oluna biləcəyi nəzərə alınmalıdır. Bu səbəbdən dərhal
kardiovaskulyar monitorinq aparılmalı, mümkün aritmiyaları qeydə almaq üçün fasiləsiz
elektrokardioqrafik nəzarət aparılmalıdır. Aripiprazolla doza həddinin aşılmasından
şübhələndikdə xəstə tibbi nəzarətə alınmalı və tam sağalana qədər nəzarət davam etdirilməlidir.
Aripiprazol qəbulundan 1 saat sonra təyin edilən aktivləşdirilmiş kömür (50 q), aripiprazolun
Cmax göstəricisini 41%, AUC göstəricisini 51% azaltmışdır, buna görə doza həddinin aşılması
zamanı aktivləşdirilmiş kömür effektiv ola bilər.
Hemodializin aripiprazolla doza həddinin aşılması zamanı effektivliyi haqqında məlumat
yoxdur. Aripiprazol plazma zülalları ilə yüksək dərəcədə birləşdiyindən hemodializin effektiv
olacağı güman edilmir.
Buraxılış forması
Abizol® 5 mq
14 tablet, Al-Al folqalı blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Abizol® 10 mq
14 tablet, Al-Al folqalı blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Abizol® 15 mq
14 tablet, Al-Al folqalı blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
25˚C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin ahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.