pharmed
CIALIS 20MG N1 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2021-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİALİS®
örtüklü tabletlər
CIALIS®
Beynəlxalq patentləşdirilməmiş adı: Tadalafil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq tadalafil vardır.
Köməkçi maddələr:laktoza monohidrat, laktoza monohidrat (püskürtməklə qurudulmuş),
hidroksipropil sellüloza (çox xırdalanmış), natrium kroskarmelloza,
hidroksipropil sellüloza (çox xırdalanmış), natrium laurilsulfat,
mikrokristallik sellüloza (Granular-102), maqnezium stearat (bitki mənşəli),
Opadry II sarı rəng qarışığı (32K12884), talk.
Təsviri
Sialis® sarı rəngli, bir tərəfində “C 20” yazısı qeyd edilmiş, badam formalı tabletlərdir.
Farmakoterapevtik qrupu
Uroloji dərmanlar, erektil disfunksiyanın müalicəsində istifadə olunan dərmanlar.
ATC kodu: G04BE08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Tadalafil, siklik quanozin monofosfat (sQMF)-spesifik, 5-ci tip fosfodiesterazanın (FDE5)
selektiv, geri dönüşlü inhibitorudur. Seksual stimulyasiyanın təsirilə yerli olaraq azot oksidi
azad olunduqda, FDE5-in tadalafil tərəfindən inhibisiyası, kişi cinsiyyət üzvünün mağaralı
cismində sQMF-in miqdarının artmasına gətirir. Bu, saya əzələlərinin relaksasiyası və cinsiyyət
üzvü toxumalarına qan axınının güclənməsinə səbəb olaraq ereksiya törədir. Seksual
stimulyasiya olmadıqda tadalafil effektiv deyil.
Farmakodinamik effektləri
İn vitro tədqiqatlar göstərmişdir ki, tadalafil FDE5-in selektiv inhibitorudur. FDE5, mağaralı
cismin, damarların və daxili orqanların saya əzələləri, skelet əzələləri, trombositlər, böyrəklər,
ağciyərlər və beyincikdə aşkarlanan fermentdir. Tadalafilin digər fosfodiesterazalar ilə
müqayisədə FDE5-ə təsiri daha güclüdür. Tadalafil ürək, beyin, qan damarları, qaraciyər və
digər orqanlarda rast gəlinən FDE1, FDE2 və FDE4-ə nisbətən FDE5-ə 10000 dəfə daha aktiv
təsir göstərir. Ürək və qan damarlarında aşkar olunan FDE3 ilə müqayisədə, tadalafilin FDE5-ə
təsiri 10000 dəfə artıqdır. Tadalafilin FDE3 ilə müqayisədə olaraq FDE5-ə qarşı belə selektivliyi
vacib əhəmiyyət daşıyır, çünki FDE3 ürək əzələsinin yığılmasında iştirak edən fermentlərdən
biridir. Bundan əlavə, tadalafil FDE6-ya nisbətən FDE5-ə münasibətdə təqribən 700 dəfə daha
aktivdir. FDE6 – gözün torlu qişasında aşkarlanan və gözdə işığın ötürülməsinə məsul
fermentdir. Həmçinin tadafilin FDE5-ə təsiri, FDE10 vasitəsilə FDE7-yə təsirindən 10000 dəfə
artıqdır.
Klinik effektivliyi və təhlükəsizliyi
Sialis® preparatına qarşı cavab reaksiyasının müddətini öyrənmək üçün, 1054 pasiyent üzərində,
ev şəraitində üç klinik tədqiqat aparılmışdır. Tadalafil qəbulundan sonra 36 saat ərzində erektil
funksiya və cinsi əlaqəni həyata keçirmək qabiliyyətində, həmçinin plasebo ilə müqayisədə
dərmanın qəbulundan 16 dəq sonra qənaətbəxş cinsi əlaqə üçün yetərli ereksiyaya çatma və onun
saxlanmasında statistik əhəmiyyətli yaxşılaşma müşahidə olunmuşdur.
Sağlam şəxslərə təyin edilmiş tadalafil plasebo ilə müqayisədə, arxası üstə uzanıq vəziyyətdə
ölçülən sistolik və diastolik qan təzyiqlərində (orta maksimal azalma müvafiq olaraq 1,6/0,8 mm
c. süt), ayaqüstü vəziyyətdə ölçülən sistolik və diastolik qan təzyiqlərində (orta maksimal azalma
müvafiq olaraq 0,2/4,6 mm c. süt.), nəbz tezliyində əhəmiyyətli dəyişiklik törətməmişdir.
Farnsvort-Manselin rəng çalarları testi vasitəsilə tadalafilin görməyə təsirini öyrənən tədqiqatda,
rənglərin (göy/yaşıl) ayırd edilməsi qabiliyyətində zəifləmə aşkarlanmayıb. Bu tapıntı, tadalafilin
FDE5 ilə müqayisədə FDE6-ya qarşı zəif affinliyə malik olması faktı ilə uzlaşır. Aparılmış klinik
tədqiqatların hamısında, rəngli görmədə dəyişiklik halları nadir (˂0,1%) olmuşdur.
Gündəlik 10 mq (bir 6 aylıq tədqiqat) və 20 mq (bir 6 aylıq və bir 9 aylıq tədqiqat) dozada qəbul
olunan Sialis® preparatının spermatogenezə mümkün təsirini öyrənmək üçün üç tədqiqat
aparılmışdır. Bunlardan ikisində, spermatozoidlərin sayı və qatılığında zəif klinik əhəmiyyətə
malik azalma müşahidə olunmuşdur. Lakin yanaşı olaraq spermatozoidlərin hərəkətliliyi,
morfologiyası və FSH kimi parametrlərdə dəyişiklik qeydə alınmamışdır.
2-100 mq dozalarında tadalafilin təsiri, müxtəlif ağırlıq dərəcəli (yüngül, orta ağır, ağır) və
etiologiyalı erektil disfunksiyası olan şəxslər də daxil olmaqla, 21-86 yaşlarında, fərqli milli
mənsubiyyətə malik 3250 pasiyent üzərində aparılmış 16 klinik tədqiqatda qiymətləndirilmişdir.
Pasiyentlərin əksəri, azı 1 il davam edən erektil disfunksiyasının olduğunu bildirmişdir. Ümumi
əhali arasında aparılmış ilkin effektivlik tədqiqatlarında, Sialis® qəbul edən insanların 81%-i,
plasebo qəbul edənlərin isə 35%-i ereksiyasının yaxşılaşdığını qeyd etmişdir. O cümlədən,
bütün ağırlıq dərəcələrindən olan erektil disfunksiya zamanı pasiyentlərin ereksiyasında
yaxşılaşma qeydə alınaraq, Sialis® qəbul edən şəxslərdə, yüngül, orta ağır və ağır dərəcələrdə bu
göstərici müvafiq olaraq 86%, 83% və 72%, plasebo alan pasiyentlərdə isə 45%, 42% və 19%
olmuşdur. İlkin effektivlik tədqiqatlarında, cinsi əlaqəyə təşəbbüs, Sialis® ilə müalicə alan
şəxslərin 75%-i, plasebo qəbul edənlərin isə 32%-də uğurla nəticələnmişdir.
Onurğa beyni zədələnməsi səbəbindən erektil disfunksiyası olan, 142 nəfəri tadalafil, 44 nəfəri
isə plasebo alan 186 pasiyent üzərində aparılmış 12 həftəlik araşdırmada, 10-20 mq dozada
(tələbatdan asılı olaraq dəyişkən dozalar) qəbul edilən tadalafil erektil funksiyanı əhəmiyyətli
dərəcədə yaxşılaşdıraraq, bir şəxsə düşən uğurlu cinsi əlaqə təşəbbüslərinin nisbətini orta hesabla
48%-ə çatdırmışdır. Plasebo qəbul edən pasiyentlərdə isə eyni göstərici 17% olmuşdur.
Pediatrik populyasiya
Düşen Əzələ Distrofiyası (DƏD) olan pediatrik pasientlərdə aparılmış tək tədqiqatda, preparatın
effektivliyi əlamətləri müşahidə edilməmişdir. DƏD-i olan, yanaşı kortikosteroid terapiyası alan
7-14 yaşlarında 331 oğlan üzərində aparılmış randomizə olunmuş, ikiqat-kor, plasebo-nəzarət
olunan, paralel, 3 qruplu tədqiqatda tadalafilin təsiri öyrənilmişdir. Bu tədqiqatın 48 həftə davam
edən ikiqat-kor periodu ərzində pasiyentlər gündə 0,3 mg/kq tadalafil, gündə 0,6 mq/kq tadalafil
və ya plasebo qəbuluna görə randomizə olunmuşlar. Tədqiqatın əsas son nöqtəsi kimi 6 dəqiqəlik
yerimə məsafəsi (6DYM) götürülmüş və tadalafil sərbəst yerimə qabiliyyətinin itməsini
ləngitməkdə effekt göstərməmişdir: 48 həftə ərzində 6DYM-də ən kiçik kvadratların (ƏKK) orta
dəyişməsi plasebo qrupunda -51,0 metr (m), 0,3 mq/kq tadalafil qrupunda -64,7m (p=0,307),
0,6 mq/kq tadalafil qrupunda isə -59,1m (p=0,538) olmuşdur. Həmçinin bu tədqiqatda aparılmış
ikincili analizlərin heç birində preparatın effektivliyi isbat olunmamışdır. Ümumi təhlükəsizlik
göstəriciləri tadalafilin məlum təhlükəsizlik profilinə və kortikosteroidlər qəbul edən DƏD-li
pediatrik xəstələrdə gözlənilən əlavə təsirlərə uyğun olmuşdur.
Farmakokinetikası
Absorbsiyası
Peroral qəbulundan sonra tadalafil asanlıqla absorbsiya olunur və orta hesabla 2 saat ərzində
maksimal plazma konsentrasiyası (Cmax) əldə olunur. Daxilə qəbul edilən tadalafilin mütləq
biomənimsənilməsi müəyyən edilməyib.
Qida tadalafilin absorbsiya sürəti və dərəcəsinə təsir etmir, beləliklə Sialis® yemək ilə və ya
acqarına qəbul edilə bilər. Preparatın təyini vaxtı (səhər və ya axşam), onun absorbsiya sürəti və
dərəcəsinə klinik əhəmiyyətli təsir göstərmir.
Paylanması
Orta paylanma həcmi təqribən 63 l-dir və bu göstərir ki, tadalafil toxumalara yayılır. Terapevtik
konsentrasiyalarında, plazmadakı tadalafilin 94%-i zülallar ilə birləşmiş şəkildədir. Böyrəklərin
funksiyasının pozulması, onun zülallara birləşməsinə təsir etmir.
Sağlam şəxslərin spermasında, dərmanın dozasının 0,0005%-dən kiçik hissəsi aşkar olunur.
Biotransformasiyası
Tadalafil başlıca olaraq sitoxrom P540-in (CYP) 3A4 izoforması tərəfindən metabolizmə
uğrayır. Qanda sirkulyasiya edən əsas metaboliti metilkatexol qlükuroniddir. Bu metabolitin
FDE5-ə münasibətdə aktivliyi tadalafildən azı 13000 dəfə zəifdir. Beləliklə, metabolitin izlənilən
konsentrasiyalarında klinik aktivliyi yoxdur.
Xaric olması
Sağlam şəxslərdə tadalafilin orta oral klirensi 2,5 l/saat, orta yarımparçalanma müddəti isə 17,5
saatdır.
Tadalafil başlıca olaraq qeyri-aktiv metabolitlər şəklində, əsasən nəcis (dozasının təqribən 61%-
i) və daha az hissəsi sidik ilə (dozasının təqribən 36%-i) xaric olur.
Xəttilik/ qeyri-xəttilik
Sağlam şəxslərdə tadalafilin zaman və dozaya nəzərən farmakokinetikası xəttidir. 2,5-20 mq
dozaları civarında, preparatın plazmadakı ekspozisiyası (AUC) doza ilə düz mütənasib şəkildə
artır. Gündə bir dəfə qəbul edildikdə, stabil plazma konsentrasiyası 5 gün ərzində əldə olunur.
Təyin olunmuşdur ki, erektil disfunksiyası olan və olmayan pasiyentlərdə preparatın
farmakokinetikası eynidir.
Xüsusi pasiyent qrupları
Yaşlılar
Sağlam, yaşlı (65 yaş və daha böyük) şəxslərdə tadalafilin oral klirensinin sağlam, 19-45 yaşlı
şəxslərə nisbətən kiçik olması, preparatın 25% daha yüksək ekspozisiyası (AUC) ilə nəticələnir.
Bu effekt klinik əhəmiyyət daşımır və yaşdan asılı olaraq dərmanın dozasında düzəliş
aparılmasına ehtiyac yaratmır.
Böyrək çatışmazlığı
Tadalafilin birdəfəlik dozası (5-20 mq) ilə aparılmış klinik-farmakoloji tədqiqatda, böyrək
funksiyasının yüngül (kreatinin klirensi 51-80 ml/dəq) və ya orta dərəcəli (kreatinin klirensi 31-
50 ml/dəq) pozulması olan şəxslərdə və dializ alan son mərhələ böyrək xəstələrində tadalafilin
ekspozisiyası (AUC) təqribən iki dəfə artmışdır. Sağlam insanlara nisbətən, hemodializ
pasiyentlərində Cmax 41% yüksək olmuşdur. Hemodializ vasitəsilə tadalafilin xaric olması
cüzidir.
Qaraciyər çatışmazlığı
10 mq-lıq dozasının istifadəsi zamanı, qaraciyər funksiyasının yüngül və orta dərəcəli
pozğunluğu (Çayld-Pyu təsnifatı üzrə A və B sinifləri) olan pasiyentlərdə tadalafilin
ekspozisiyası (AUC) sağlam şəxslərdəki göstəricilərə uyğundur. Ağır qaraciyər çatışmazlığından
(Çayld-Pyu təsnifatı üzrə C sinfi) əziyyət çəkən insanlarda Sialis® preparatının təhlükəsizliyi
barədə klinik məlumatlar məhduddur. Bu şəxslərə Sialis® təyin edən həkim, dərmanın mümkün
faydası və riskinin nisbətini diqqətlə və individual olaraq qiymətləndirməlidir. Qaraciyər
funksiyası pozğunluğu olan pasiyentlərə, tadalafilin 10 mq-dan yüksək dozalarının təyini haqda
məlumat yoxdur.
Şəkərli diabeti olan pasiyentlər
Sağlam şəxslər ilə müqayisədə diabeti olan pasientlərdə tadalafilin ekspozisiyası (AUC) təqribən
19% azdır. Belə ekspozisiya fərqi ilə dozalanmada düzəliş aparmağa ehtiyac yoxdur.
İstifadəsinə göstərişlər
Yetkin kişilərdə erektil disfunksiyanın müalicəsi üçün göstərişdir.
Tadalafilin effektiv olması üçün seksual stimulyasiya tələb olunur.
Sialis® qadınlarda istifadə üçün göstəriş deyil.
Əks göstərişlər
Təsiredici maddəsi və ya “Tərkibi” bölməsində sadalanmış köməkçi maddələrdən hər hansı
birinə qarşı yüksək həssaslıq.
Klinik tədqiqatlarda tadalafilin nitratların hipotenziv effektini artırması müşahidə olunmuşdur.
Güman olunur ki, bu, nitratlar və tadalafilin azot oksid/sQMF metabolizm yoluna kombinə
olunmuş təsiri ilə bağlıdır. Bu səbəbdən, istənilən növ üzvi nitrat preparatı qəbul edən
pasiyentlərə Sialis® təyini əks göstərişdir.
Ürək xəstəliyi ilə bağlı seksual aktivlikdən çəkinməsi məsləhət görülən kişilərdə Sialis® istifadə
olunmamalıdır. Həkim ürək-damar xəstəliyi olan pasiyentlərdə, cinsi aktivliyin müəyyən kardial
risk daşıması ehtimalını nəzərə almalıdır.
Kardiovaskulyar xəstəliyi olan aşağıdakı pasiyent qruplarında klinik sınaqlar aparılmamışdır və
ona görə bu şəxslərə tadalafilin təyini əks göstərişdir:
- Son 90 gün ərzində miokard infarktı keçirmiş pasiyentlər;
- Qeyri-stabil stenokardiyası olan və ya cinsi əlaqə zamanı stenokardiya tutması baş vermiş
pasiyentlər;
- Son 6 ayda, Nyu-York Ürək Assosiasiyasının təsnifatına görə 2-ci sinif və daha ağır
dərəcəli ürək çatışmazlığı olan pasiyentlər;
- İdarə olunmayan aritmiyalar, hipotenziya (˂90/50 mm c. süt.) və ya idarə olunmayan
hipertenziya ilə pasiyentlər;
- Son 6 ay ərzində insult keçirmiş pasiyentlər.
Bu epizodun FDE5 inhibitorunun qəbulu nəticəsində baş verib-verməməsindən asılı olmayaraq,
qeyri-arteritik ön işemik optik neyropatiya (QÖİON) ilə bağlı bir gözündə görməni itirmiş
pasiyentlərə Sialis® əks göstərişdir (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
FDE5 inhibitorlarının, o cümlədən tadalafilin riosiquat kimi quanilat siklaza stimulyatorları ilə
yanaşı təyini əks göstərişdir, çünki simptomatik hipotenziya törətməsi mümkündür (bax: “Digər
dərman vasitələri ilə qarşılıqlı təsiri”).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sialis® ilə müalicədən əvvəl
Dərman müalicəsini təyin etməkdən qabaq, erektil disfunksiya diaqnozunun qoyulması və
mümkün yanaşı xəstəliklərin aşkarlanması məqsədilə anamnez toplanmalı və pasiyent tibbi
müayinədən keçməlidir.
Seksual aktivlik müəyən dərəcədə kardial risk daşıdığından, erektil disfunksiya ilə bağlı istənilən
müalicədən öncə, pasiyentin ürək-damar sisteminin vəziyyəti nəzərə alınmalıdır. Damargenəldici
təsirə malik tadalafil qan təzyiqinin yüngül dərəcədə və müvəqqəti düşməsinə səbəb olduğundan
(bax: “Farmakodinamikası”), nitratların hipotenziv effektini artırır (bax: “Əks göstərişlər”).
Erektil disfunksiyanı qiymətləndirmək üçün mümkün etioloji səbəbi aşkarlanmalı, pasiyent
müvafiq tibbi müayinələrdən keçməli və ardınca müalicə taktikası təyin olunmalıdır. Kiçik çanaq
orqanları əməliyyatı və ya radikal sinir qoruyucu prostatektomiya keçirmiş şəxslərdə Sialis®-in
effektivliyi haqda məlumat yoxdur.
Ürək-damar sistemi
Postmarketinq dövrü və/və ya klinik sınaqlar zamanı miokard infarktı, qəfləti ürək ölümü, qeyristabil stenokardiya,
ventrikulyar aritmiya, insult, tranzitor işemik həmlə, sinədə ağrı,ürəkdöyünmə və taxikardiya da daxil olmaqla ciddi
kardiovaskulyar pozğunluqlar qeydəalınmışdır.
Bu epizodların rast gəlindiyi pasiyentlərin əksərində öncədən mövcud
kardiovaskulyar risk faktorları olmuşdur. Lakin, belə halların birbaşa risk faktorları, Sialis®-in
qəbulu, seksual aktivlik ilə və ya bunlar və digər amillərin məcmusu ilə bağlı olmasını dəqiq
müəyyənləşdirmək mümkün deyil.
Alfa1-adrenoblokatorlar alan pasiyentlərə yanaşı olaraq Sialis® təyin olunarsa, onların
bəzilərində simptomatik hipotenziya inkişaf edə bilər (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı
təsiri”). Tadalafil ilə doksazozini birgə təyin etmək tövsiyə olunmur.
Görmə
Sialis® və digər FDE5 inhibitorlarının qəbulu ilə bağlı görmədə defektlər və QÖİON-un inkişafı
haqda məlumatlar var. Yığılmış məlumatların analizi, erektil disfunksiya səbəbindən tadalafil və
digər FDE5 inhibitorları qəbul edən kişilərdə kəskin QÖİON riskinin artmasını göstərir. Bu
bütün pasiyentlərə aid olduğundan, ani görmə pozğunluğu yaranarsa, dərhal Sialis® qəbulunu
dayandırmalı və həkimə müraciət etməlidirlər (bax: “Əks göstərişlər”).
Eşitmənin zəifləməsi və ya ani itkisi
Tadalafilin istifadəsindən sonra ani eşitmə itkisi halları qeydə alınıb. Bəzən digər yanaşı risk
faktorlarının (yaş, şəkərli diabet, hipertenziya öncədən də anamnezdə eşitmə pozulması kimi)
mövcudluğuna baxmayaraq, eşitmənin ani pozulması və ya itkisi hallarında, pasiyentlərə
tadalafilin qəbulunu dayandırmaq və həkimə müraciət etmək məsləhət görülməlidir (bax: “Əks
göstərişlər”).
Qaraciyər funksiyasının pozulması
Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatı üzrə C sinfi) olan pasiyentlərdə Sialis®-in
birdəfəlik istifadəsinin təhlükəsizliyi haqda yetərincə klinik məlumatlar yoxdur. Bu şəxslərə
Sialis® təyin edən həkim, dərmanın mümkün faydası və riskinin nisbətini diqqətlə və individual
olaraq qiymətləndirməlidir.
Priapizm və penisin anatomik deformasiyası
Pasiyentləri xəbərdar etmək lazımdır ki, 4saat və daha artıq davam edən ereksiyaları olduqda
dərhal tibbi yardım üçün müraciət etsinlər. Priapizmin müalicəsinin gecikdirilməsi, penisin
toxumalarının zədələnməsi və davamlı impotensiyaya səbəb ola bilər.
Penisin anatomik deformasiyası (anqulyar əyriliyi, kavernoz fibroz və ya Peyroni xəstəliyi kimi)
və ya priapizmə şərait yarada biləcək patologiyaları (oraqvari hüceyrə anemiyası, çoxsaylı
mieloma və ya leykemiya kimi) olan pasiyentlər Sialis®-i ehtiyatla qəbul etməlidirlər.
CYP3A4 inhibitorları ilə birgə istifadəsi
Güclü CYP3A4 inhibitorları (ritonavir, sakvinavir, ketokonazol, itrakonazol və eritromisin)
qəbul edən şəxslərə Sialis® təyin edərkən ehtiyatlı olmaq lazımdır, çünki bu dərmanların birgə
istifadəsi, tadalafilin ekspozisiyasını (AUC) artırır (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı
təsiri”).
Sialis® və erektil disfunksiyanın digər dərmanları
Sialis® ilə eyni zamanda digər FDE5 inhibitorları və ya erektil disfunksiyanın digər
dərmanlarının istifadəsi, təhlükəsizliyi və effektivliyi baxımından öyrənilməyib. Pasiyentlər
xəbərdar edilməlidir ki, Sialis®-i bu dərmanlarla birgə qəbul etməsinlər.
Laktoza
Sialis®-in tərkibində laktoza var. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya
qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi patologiyaları olan xəstələrə bu preparatı qəbul
etmək olmaz.
Natrium
Preparatın hər tabletinin tərkibində 1 mmol-dan (23 mq) az natrium var. Beləliklə, praktiki olaraq
“natriumdan azad” dərman hesab oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda göstərildiyi kimi, tadalafilin10 mq və/və ya 20 mq-lıq dozaları ilə qarşılıqlı təsir
tədqiqatları aparılmışdır. Yalnız 10 mq-lıq dozası istifadə olunmuş tədqiqatların nəticələrinə
əsaslanaraq, tadalafilin daha yüksək dozalarında klinik əhəmiyyətli qarşılıq təsirlərin yarana
biləcəyi ehtimalını tamam istisna etmək olmaz.
Digər dərman vasitələrinin tadalafilə təsiri
Sitoxrom P450 inhibitorları
Tadalafil əsasən CYP3A4 tərəfindən metabolizmə uğrayır. CYP3A4-ün selektiv inhibitoru
ketokonazol (gündə 200 mq), tək qəbul edilən tadalafil ilə müqayisədə tadalafilin (10 mq)
ekspozisiyasını (AUC) 2 dəfə, Cmax-nı isə 15% artırmışdır. Gündə 400 mq dozada ketokonazol,
tadalafilin (20 mq) ekspozisiyasını (AUC) 4 dəfə və Cmax-nı 22% artırmışdır. CYP3A4,
CYP2C9, CYP2C19 və CYP2D6-nı inhibə edən proteaza inhibitoru ritonavir (gündə iki dəfə 200
mq), tadalafilin (20 mq) Cmax-na təsir etmədən, ekspozisiyasını (AUC) 2 dəfə artırmışdır.
Qarşılıqlı təsir reaksiyaları ayrılıqda öyrənilməsə də sakvinavir kimi digər proteaza inhibitorları
ilə və eritromisin, klaritromisin, itrakonazol və qreypfrut şirəsi kimi digər CYP3A4 inhibitorları
ilə birgə qəbul edildikdə ehtiyatlı olmaq lazımdır, çünki onlar tadalafilin plazmadakı
konsentrasiyasını artıra bilərlər (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
Nəticədə “Əlavə təsirləri” bölməsində sadalanan halların artması mümkündür.
Daşıyıcı zülallar
Tadalafilin paylanmasında daşıyıcı zülalların (məsələn p-qlikoprotein) rolu məlum deyil. Ona
görə, daşıyıcı zülalların inhibisiyası vasitəsilə, digər dərman preparatları ilə onun arasında
qarşılıqlı təsirin baş verməsi ehtimalı mövcuddur.
Sitoxrom P450-nin induktorları
CYP3A4 induktoru rifampisin, tək qəbul edilən tadalafil (10 mq) ilə müqayisədə tadalafilin
ekspozisiyasını (AUC) 88% azaltmışdır. Ekspozisiyasının belə düşməsi ilə preparatın effektinin
zəifləməsi mümkündür, lakin bu zəifləmənin dərəcəsi məlum deyil. Fenobarbital, fenitoin və
karbamazepin kimi digər CYP3A4 induktorları da tadalafilin plazmadakı konsentrasiyasını
azalda bilərlər.
Tadalafilin digər dərman vaitəslərinə təsiri
Nitratlar
Klinik tədqiqatlarda tadalafilin (5; 10 və 20 mq) nitratların hipotenziv effektini gücləndirməsi
müşahidə olunmuşdur. Bu səbəbdən, istənilən tip üzvi nitrat preparatı qəbul edən pasiyentlərə
Sialis® əks göstərişdir (bax: “Əks göstərişlər”). 7 gün ərzində, gündə 20 mq dozada tadalafil və
fərqli vaxtlarda 0,4 mq dozada sublinqval nitroqliserin qəbul edən 150 şəxs üzərində aparılmış
tədqiqatın nəticələrinə görə, bu dərmanların qarşılıqlı təsiri 24 saatdan çox çəkmiş və sonuncu
tadalafil qəbulundan 48 saat keçdikdə artıq qeydə alınmamışdır. Beləliklə istənilən dozada
Sialis® (2,5 – 20 mq) qəbul edən pasiyentlərə həyati göstərişlə nitratlar təyin edilməlidirsə,
Sialis®-in son qəbulundan azı 48 saat keçməsi tələb olunur. Belə hallarda nitratlar yalnız ciddi
tibbi nəzarət və hemodinamik vəziyyətin müvafiq monitorinqi altında verilməlidir.
Antihipertenziv preparatlar (o cümlədən kalsium kanalı blokatorları)
Doksazozin (gündə 4 və 8 mq) və tadalafilin (gündə 5 mq və birdəfəlik 20 mq) birgə qəbulu, bu
alfa-adrenoblokatorun hipotenziv təsirini əhəmiyyətli dərəcədə artırır. Bu effekt azı 12 saat
davam edir və özünü bayılma kimi simptomlarla büruzə verə bilər. Bu səbəbdən onları birgə
təyin etmək məsləhət görülmür (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
Məhdud sayda sağlam könüllülər üzərindəki klinik farmakoloji sınaqlarda, tadalafilin
antihipertenziv dərmanların təsirini artırmaq qabiliyyəti öyrənilmişdir. Antihipertenziv
preparatların əsas sinifləri, o cümlədən kalsium kanalı blokatorları (amlodipin), angiotenzin
çevirici ferment (AÇF) inhibitorları (enalapril), beta-adrenoblokatorlar (metoprolol), tiazid
diuretikləri (bendrofluazid), angiotenzin II reseptoru blokatorları (müxtəlif növləri və dozaları,
təklikdə və tiazidlər, kalsium kanalı blokatorları, beta-adrenoblokatorlar və/və ya alfaadrenoblokatorlar
ilə müştərək şəkildə) nəzərdən keçirilmişdir. Tadalafil (10 mq dozada, lakin angiotenzin II reseptoru blokatorları
və amlodipin ilə tədqiqatda 20 mq dozada) bu sinif dərmanlardan heç biri ilə klinik əhəmiyyətli qarşılıqlı təsirə girməmişdir.
Digər klinik farmakoloji tədqiqatda tadalafilin (20 mq) 4 sinfə kimi antihipertenziv preparatlar ilə qarşılıqlı
təsiri araşdırılmışdır. Bir neçə antihipertenziv dərman qəbul edən şəxslərdə, qan təzyiqinin
dəyişməsi hipertenziyanın idarə oluna bilməsi dərəcəsi ilə əlaqəli olmuşdur. Bu baxımdan, qan
təzyiqi asan idarə olunan şəxslərdə təzyiqin düşməsi dərəcəsi minimal olub, sağlam şəxslərdəki
eyni göstəriciyə uyğun gəlmişdir. Qan təzyiqi çətin idarə olunan pasiyentlərdə təzyiq daha çox
düşsə də xəstələrin əksərində hipotenziv simptomlar müşahidə olunmamışdır. Antihipertenziv
dərman müalicəsi ilə yanaşı 20 mq tadalafil qəbul etmiş pasiyentlərdə qan təzyiqi enə bilər.
Alfaadrenblokatorların istifadəsi istisna olmaqla (yuxarıda bax), adətən bu enmə cüzi olur və klinik
əhəmiyyət daşımır. III faza klinik sınaq nəticələrinin analizi göstərmişdir ki, tadalafili
antihipertenziv dərmanlar ilə və ya onlar olmadan qəbul edən pasiyentlərdə əlavə təsirlər
fərqlənmir. Yenə də antihipertenziv preparatlar ilə müalicə alan şəxslərə, arterial təzyiqin
düşməsi ehtimalı ilə bağlı müvafiq tövsiyələr verilməlidir.
Riosiquat
Preklinik sınaqlar göstərmişdir ki, FDE5 inhibitorları ilə riosiquat kombinə edildikdə, sistem qan
təzyiqinə hipotenziv təsirləri cəmlənmişdir. Klinik sınaqlarda, riosiquat FDE5 inhibitorlarının
hipotenziv təsirini gücləndirmişdir. Tədqiq olunmuş populyasiyada, bu dərmanları kombinə
etməyin müsbət klinik effekti aşkarlanmamışdır. Riosiquat ilə FDE5 inhibitorları, o cümlədən
tadalafilin birgə istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”).
5-alfa reduktaza inhibitorları
Prostat vəzin xoşxassəli hiperplaziyası səbəbindən təyin edilmiş 5 mq finasterid preparatının, 5
mq tadalafil və ya plasebo ilə birgə qəbulunu müqayisə edən klinik sınaqda yeni əlavə təsirlər
qeydə alınmamışdır. Buna baxmayaraq, 5-alfa reduktaza inhibitorları (5-ARİ) ilə tadalafil
arasındakı qarşılıqlı təsir reaksiyalarını öyrənən xüsusi tədqiqat aparılmadığından, onları bir
yerdə təyin edərkən ehtiyatlı olmaq lazımdır.
CYP1A2 fermenti substratları (məs. teofillin)
10 mq tadalafil ilə teofillin (qeyri-selektiv fosfodiesteraza inhibitoru) birgə təyin edilmiş klinik
farmakoloji tədqiqatda onlar arasında farmakokinetik qarşılıqlı təsir aşkarlanmamışdır. Yeganə
farmakodinamik effekt - ürək vurğularının tezliyində cüzi artım (1 dəq-də 3,5 vurğu) olmuşdur.
Bu effektin zəif və klinik cəhətdən əhəmiyyətsiz olmasına baxmayaraq, verilmiş preparatları
birgə təyin edərkən onu nəzərə almaq lazımdır.
Etinilestradiol və terbutalin
Tadalafilin etinilestradiolun oral biomənimsənilməsini artırması müşahidə edilmişdir. Peroral
təyin edilmiş terbutalinə də bənzər təsir göstərəcəyini gözləmək olar, lakin bu effektin klinik
nəticələri məlum deyil.
Alkoqol
Tadalafilin (10 və ya 20 mq) qəbulu qanda alkoqolun konsentrasiyasına (orta maksimal
konsentrasiyası 0,08%) təsir etməmişdir. Həmçinin, alkoqol ilə eyni zamanda qəbulundan 3 saat
sonra, tadalafilin konsentrasiyasında dəyişiklik qeydə alınmamışdır. Alkoqolun absorbsiyasını
maksimuma çatdırmaq məqsədilə, gecəboyu və alkoqol qəbulundan azı 2 saat keçənədək yemək
qəbulu dayandırılmışdır. Tadalafil (20 mq) alkoqolun (0,7 q/kq və ya təqribən 80 kq kütləli kişi
tərəfindən 180 ml 40% alkoqol [araq] qəbulu) hipotenziv təsirinin orta göstəricisini artırmamış,
lakin bəzi şəxslərdə postural başgicəllənmə və ortostatik hipotenziya müşahidə olunmuşdur.
Tadalafil alkoqolun daha kiçik dozaları (0,6 q/kq) ilə təyin edildikdə arterial hipotenziya inkişaf
etməmiş, başgicəllənmənin rastgəlmə tezliyi isə tək alkoqol qəbulundakı kimi olmuşdur.
Tadalafil (10 mq) alkoqolun qavramaya təsirini gücləndirməmişdir.
Sitoxrom P450 tərəfindən metabolizmə uğrayan dərman vasitələri
CYP450 vasitəsilə metabolizmə uğrayan preparatların klirensinin, tadalafil tərəfindən klinik
əhəmiyyət daşıyacaq dərəcədə inhibisiya və ya induksiya edilməsi güman olunmur. Tədqiqatlar
təsdiqləyir ki, tadalafil CYP3A4, CYP1A2, CYP2D6, CYP2E1, CYP2C9 və CYP2C19 da daxil
olmaqla CYP450 izofermentlərini inhibisiya və ya induksiya etmir.
CYP2C9 fermenti substratları (məs. R-varfarin)
Tadalafil (10 və 20 mq) nə S-varfarin, nə də R-varfarinin (CYP2C9 substratı) ekspozisiyasına
(AUC) klinik əhəmiyyətli təsir göstərməmiş, varfarinin protrombin zamanına təsirini
dəyişdirməmişdir.
Aspirin
Tadalafil (10 və 20 mq) asetil salisil turşusunun qanaxma müddətini uzatması effektini
gücləndirməmişdir.
Antidiabetik dəman vasitəsləri
Antidiabetik dərmanlar ilə tadalafilin qarşılıqlı təsirini öyrənən xüsusi tədqiqat aparılmayıb.
Fertillik, hamiləlik və laktasiya dövründə istifadəsi
Sialis® qadınların istifadəsi üçün göstəriş deyil.
Fertillik
İtlər üzərində müşahidə olunmuş effektlər, preparatın fertillik funksiyasına mənfi təsirinin
göstəricisi ola bilər. Sonradan insanlar üzərində aparılmış iki tədqiqatda, bəzi kişilərdə
spermatozoidlərin konsentrasiyasında azalma qeyd olunsa da, dərmanın insanların fertilliyinə
oxşar təsir etməsi ehtimalı azdır (bax: “Farmakodinamikası”).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Sialis®-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri cüzidir. Klinik sınaqlarda tadalafil və plasebo qruplarında başgicəllənmənin
rastgəlmə tezliyi eyni olmuşdur. Buna baxmayaraq, pasiyentlər nəqliyyat vasitələrini və ya
potensial təhlükəli mexanizmləri idarə etməkdən öncə, Sialis® qəbulunun onlara necə təsir
etməsinə diqqət yetirməlidirlər.
İstifadə qaydası və dozası
Preparat peroral (daxilə) qəbul edilməlidir.
Böyüklər
Tövsiyə edilən maksimal dozası 20 mq olub, ehtimal olunan cinsi əlaqədən öncə, yemək ilə və
ya acqarına qəbul edilir. Dərmanı cinsi aktivlikdən ən azı 30 dəq qabaq içmək lazımdır.
Dərmanı ən çoxu gündə bir dəfə qəbul etmək olar.
20 mq-lıq tadalafil, gözlənilən cinsi əlaqədən əvvəl qəbul edilməlidir və ondan fasiləsiz, hər gün
istifadə etmək məsləhət görülmür.
Xüsusi pasiyent qrupları
Yaşlı pasiyentlər
Yaşlı kişilərdə preparatın dozasında düzəliş etmək tələb olunmur.
Böyrək çatışmazlığı olan pasiyentlər
Böyrəklərin funksiyası yüngül və orta dərəcədə pozulmuş xəstələrdə dozanı dəyişdirməyə
ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün maksimal tövsiyə olunan doza 10mq-dır.
Qaraciyər çatışmazlığı olan pasiyentlər
Bu xəstələrdə Sialis®-in tövsiyə edilən dozası 10 mq olub, ehtimal olunan cinsi əlaqədən öncə,
yemək ilə və ya acqarına qəbul edilməlidir. Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatı üzrə
C sinfi) olan pasiyentlərdə Sialis®-in təhlükəsizliyi haqda klinik məlumatlar məhduddur. Ona
görə preparatı təyin etməzdən öncə, həkim dərmanın individual faydası və riskini diqqətlə
qiymətləndirməlidir. Qaraciyər funksiyasında pozğunluq olan insanlara tadalafilin 10 mq-dan
yüksək dozalarının təyini haqda yetərli məlumat yoxdur.
Şəkərli diabeti olan pasiyentlər
Diabetik xəstələrdə dərmanın dozasında düzəliş etmək tələb olunmur.
Pediatrik populyasiya
Pediatrik pasiyentlərdə erektil disfunksiyanın müalicəsi məqsədilə istifadə olunmur.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi
Erektil disfunksiya və ya prostat vəzin xoşxassəli hiperplaziyasının müalicəsi məqsədilə Sialis®
qəbul edən pasiyentlərdə ən çox qeydə alınmış əlavə təsirləri başağrısı, dispepsiya, bel ağrısı və
əzələ ağrısı olmuşdur. Preparatın dozasını artırdıqca sadalanmış əlavə təsirlərinin rastgəlmə
tezliyi də artmışdır. Qeydə alınan əlavə təsirləri əsasən yüngül və orta dərəcəli və müvəqqəti
olmuşdur.
Doza həddinin aşılması
Sağlam şəxslərə preparatın 500 mq-a kimi birdəfəlik dozaları və pasiyentlərə bir neçə dəfəyə,
gündə 100 mq-a kimi dozaları verilmişdir. Bu zaman meydana çıxan əlavə təsirləri dərmanın
kiçik dozalarında qeydə alınan əlavə təsirləri ilə eyni olmuşdur.
Doza həddinin aşılması zamanı müvafiq standart, dəstəkləyici müalicə tədbirləri aparılmalıdır.
Hemodializ vasitəsilə tadalafilin xaric olması cüzidir.
Buraxılış forması
Sialis® 20 mq örtüklü tabletlər.
Blisterdə 1 və ya 2 tablet, 1 blister içlik vərəqə ilə karton qutuya qablaşdırılır;
Blisterdə 1 və ya 2 tablet, 2 blister içlik vərəqə ilə karton qutuya qablaşdırılır;
Blisterdə 2 tablet, 4 blister içlik vərəqə ilə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Rütubətdən qorumaq üçün, preparatı original qablamasında saxlayın. 30 °C-dən yüksək olmayan
temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
İstehsal olunmuşdur
Lilly del Caribe Inc., Puerto Rico.
Lilly del Caribe Inc., Puerto Rico Industrial Park, 12.6 km 65th Infantry Road, Carolina,
Puerto Rico 00985.
Qablaşdırılmışdır
Lilly S.A., Spain.
Lilly S.A., Avda de la Industria 30, 28108 Alcobendas – Madrid, Spain.
Preparatın əlavə təsirləri haqda məlumatı və iradları qəbul edən təşkilat
Representative office of Eli Lilly Vostok S.A.
Russian Federation, 123112, Moscow
Presnenskaya emb., 10.
Tel.: +7 (495) 258 50 01.
Faks: +7 (495) 258 50 05.
e-mail: ru.contact@lilly.com